Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycan Xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür

10 may 2020 | 16:00

   Bu gün bütün həyatını xalqımızın və dövlətçiliyimizin taleyi ilə sıx  bağlamış, müasir Azərbaycan dövlətinin memarı və qurucusu,  bənzərsiz şəxsiyyət Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur.
   Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Azərbaycanın ayrılmaz  diyarı olan qədim Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini Naxçıvandakı 3 saylı beynəlxalq məktəbdə alan Heydər Əliyev 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirərək Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur.
    II dünya müharibəsinin başlandığı bir dövrdə 1941-ci ildən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Komissarlığında və Xalq Komissarları Sovetində şöbə müdiri işləyən Heydər Əliyev fitri istedadı, müqayisəedilməz bacarıq və qabiliyyətlərinə görə  1944-cü ildə dövlət təhlükəsizlik orqanlarında işə göndərilmiş, hələ gənc yaşlarında Türkiyə, Pakistan və Əfqanıstanda göstərdiyi fəaliyyətinə görə “Qızıl ulduz” ordeni və ”Döyüş xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.
   Heydər Əliyev 1948-50-ci illərdə Leninqradda, Dövlət Təhlükəsizlik Komitəsinin  xüsusi ali məktəbində təhsil almış, Bakıya qayıtdıqdan bir müddət sonra isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq, 1957-ci ildə bu təhsil ocağını da  əla qiymətlərlə bitirmişdir.
1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini işləyən Heydər Əliyev 1967-ci ildə Respublika Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilmiş, bu sahədə ilk azərbaycanlı olaraq general-mayor rütbəsinə qədər yüksəlmişdir. 
    Heydər Əliyev hələ gənc yaşlarında hansı yüksək rütbəyə və vəzifəyə malik olmasına baxmayaraq, təhsil aldığı və işlədiyi bütün müəssisələrdə sadə və mehribanlığı, yüksək savadı, qeyri-adi yaddaşı, səlis natiqlik qabiliyyəti ilə hamını heyran edirdi.
    Ümumiyyətlə ömrünün 30 ilə yaxın dövrünü Dövlət təhlükəsizlik orqanlarında xidmət edən Heydər Əliyev istər əks kəşfiyyat bölməsinə rəhbərlik etdiyi illərdə, istərsə də Komitə rəhbərliyinə irəli çəkildiyi 1964-cü ildən sonrakı dövrdə milli kadrların təhlükəsizlik orqanlarına işə cəlb olunması, onların hərtərəfli inkişafı və həlledici  sahələrdə rəhbər vəzifələrə təyin edilməsi geniş vüsət almışdır.
    Müasir Azərbaycan tarixinin 1969-cu ildən ötən dövrü xalqımızın tarixinə Heydər Əliyev epoxası kimi əbədi həkk olunmuşdur. O da danılmaz həqiqətdir ki, Heydər Əliyev hakimiyyətə gəldiyi həmin illərdə  Azərbaycan İttifaq miqyasında inkişaf səviyyəsinə görə aqrar ölkə olmaqla, imperiya hüdudlarında belə tanınmırdı. Bərəkətli torpağı, işgüzar və əməksevər xalqı olan ölkəmizdə işsizlik hökm sürür, respublika bir çox problemlər məngənəsində boğulurdu. Böyük Vətən  müharibəsində  SSRİ-nin faşizm  üzərində  qələbəsinin   təmin  edilməsində  ən aparıcı  rol  oynayan,  müharibədə tələb  olunan yanacağın 75 faizini verən ölkəmiz dərin böhran keçirirdi.
    1969- cu il iyulun 14-də  Azərbaycanda rəhbərliyə gələn  Heydər Əlirza oğlu Əliyev  respublikada hakimiyyətdə olduğu ilk 14 il ərzində xalqın daxili potensialını üzə çıxardı, onu zirvələrə yüksəldərək dünyaya tanıtdı.
   1993-cü  ilin  iyun  günlərində xalqımız ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üzləşəndə  yenə də böyük  oğlu, mahir  siyasətçi  Heydər Əliyevə   üz  tutdu.  Çünki  hələ  1969-1982-ci  illərdə  respublikaya  rəhbərlik  edərək  Heydər  Əliyev  bacarıqlı  dövlət  xadimi  kimi   xalqının  əbədi  etimadını  qazanmışdı. Ən çətin anda  mükəmməl  çıxış yolu tapmaq bacarığı Allahın bu dahi şəxsiyyətə  bəxş etdiyi bir istedad idi.  
    Doğma  xalqının mənafeyini hər şeydən  üstün  tutan  müdrik  siyasətçi  bu  müraciətə  etinasız qalmadı.  O  çətin   məqamda  tarixi  məsuliyyəti   öz  üzərinə  götürərək  xalqımızı və dövlətimizi   labüd təhlükədən  xilas  etdi.
      Bir  sözlə  Heydər  Əliyevin  hakimiyyətə  ilk  gəlişi  Azərbaycanda  milli  dirçəlişin  başlanğıcını  qoymuşdursa, onun  1993-cü  il  iyunun 15-də  ikinci  gəlişi   haqlı  olaraq  milli  «Qurtuluş dövrü”  kimi tariximizə   həkk olundu.
      Ümummilli  liderimiz   Heydər  Əliyevin  xalqımız qarşısında ən  böyük xidmətlərindən  biri də  Azərbaycan xalqı,  Azərbaycan  dövləti   üçün  İlham  Əliyev  kimi  geniş dünyagörüşə, mətin  iradəyə  yüksək  birlik  və  bacarığa  malik  vətənpərvər  övlad tərbiyə etməsi  və yetişdirməsidir.  Bu gün anadan  olmasının 97-ci ildönümü tamam olan Azərbaycan Xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin aramızda cismən  olmaması  Azərbaycan Xalqı  üçün nə qədər ağırdırsa,  İlham  Əliyev kimi bacarıqlı bir dövlət başçısının   Heydər  Əliyev  siyasi  kursunu layiqincə  davam  etdirməsi ən böyük səadətdir.  Çünki, Azərbaycanda hüquqi dövlətin banisi, ömrünün 40 ilə yaxın bir müddətini xalqımızın taleyi ilə sıx bağlayan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin onun siyasi kursunun əzmkar davamçısı ölkə  Prezidenti cənab İlham Əliyev  tərəfindən müasir dövrün tələblərinə uyğun səviyyədə uğurla həyata keçirilməsi nəticəsində ölkəmiz bu gün misli görünməyən sürətli inkişaf dinamikası əldə edərək regionun lider dövlətinə çevrilmişdir.

Keçidlər