Laçınlı Böyük Vətən Müharibəsi veteranlarına “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” yubiley medalları təqdim olunmuşdur.
9 May - Faşizm üzərində Qələbə günü kimi tarixə qızıl hərflərlə həkk edilmişdir. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatmış və faşizm süqut etmişdir. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr vermişdir. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmış, onların təqribən yarısı döyüş meydanlarından geri qayıtmamışdır. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamış, 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında tarixi qələbəmiz uğrunda fədakarlıq edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynamışdır. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, xaqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarına xüsusi diqqət yetirmiş, onlara hərtərəfli qayğı ilə yanaşaraq, sosial məsələlərinin həlli istiqamətində mühüm addımlar atmışdır. Məhz Ulu Öndərin ədaləti uca tutması sayəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları müstəqilliyin ilk illərində özlərinə qaytarılmış və 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü kimi qeyd olunur.
Ümummilli Lider müharibə veteranlarını "Xalqımızın qızıl fondu” adlandırırdı. Ulu öndər Heydər Əliyevin bu sahədəki siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev İkinci Dünya müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların qayğılarına həssaslıqla yanaşır. Qələbə bayramı ərəfəsində ölkə başçısı cənab İlham Əliyevin müharibə veteranlarına qayğını artırması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması artıq ənənə halı almışdır. “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Respublika Prezidentinin imzaladığı 24 aprel 2020-ci il tarixli Sərəncam bunun əyani sübutudur.
Bundan əlavə, Böyük Vətən Müharibəsi iştirakçılarının “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi haqqında ölkə Prezidenti cənab İlham Əliyevin 1 may 2020-ci il tarixli Sərəncamı isə Böyük Vətən Müharibəsi iştirakçılarına verilən qiymətin daha bir əyani təzahürüdür. Bütün bunlar bir daha təsdiqləyir ki, müharibə iştirakçılarına hərtərəfli qayğı və diqqət Azərbaycanda dövlət siyasətinin başlıca prioritet istiqamətlərindən birini təşkil edir.
Sevindirici haldır ki, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında Laçının mərd oğullarının da böyük payı olmuşdur. Hazırda Laçın rayonundan həmin müharibədə iştirak etmiş 4 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. 9 may 2020-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Başçının müavini, Yeni Azərbaycan Partiyasının Rayon Təşkilatının sədri İlqar İlyasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsinin rəisi Fərman Məmmədov bu əlamətdar gün münasibətilə laçınlı Böyük Vətən Müharibəsinin iştirakçıları - Laçın şəhər sakini Əlikişi Cümşüdovun, Laçın rayonunun Mişni kənd sakini İbiş Abbasovun, Vağazin kənd sakini Alıqulu Quliyevin evində olmuş, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin onlara səmimi bayram təbriklərini çatdırmışlar.
Veteranlarla söhbətdə bildirilmişdir ki, gün gələcək qəhrəman Azərbaycan xalqı Qarabağın və işğalda olan rayonlarımızın, eləcə də Laçın rayonunun da düşmən tapdağından azad edildiyi günü Qələbə bayramı kimi qeyd edəcəkdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında güclü ordumuzun qələbə qazanacağı o tarixi gün isə elə də uzaqda deyildir.
Böyük Vətən Müharibəsinin iştirakçıları Əlikişi Cümşüdov, İbiş Abbasov və Alıqulu Quliyev çıxış edərək, ölkə Prezidenti cənab İlham Əliyevdən və Birinci-vitse prezident Mehriban xanım Əliyevadan daim razı qaldıqlarını bildiriblər. Qeyd ediblər ki, ömrünün ahıl çağlarını yaşayan bizim kimi insanları axtarmağınız, bizimlə yaxından maraqlanmağınız, diqqət və qayğı göstərməyiniz bizi çox sevindirir. Xüsusilə də Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülməyimiz bizi ikiqat sevindirir. Bu, bizim göstərdiyimiz şücaətə verilən qiymətlə yanaşı, həm də onu sübut edir ki, ölkə rəhbəri hər bir sahəni diqqət mərkəzində saxlayır. Böyük Vətən Müharibəsi iştirakçıları bütün bunlara görə ailələri adından başda ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya tükənməz minnətdarlıqlarını bildiriblər.
Sonda “Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)” Azərbaycan Respublikasının yubiley medalı və “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” Rusiya Federasiyasının yubiley medalı sahiblərinə təqdim edilmişdir.