Laçın Rayon İcra Hakimiyyəti tərəfindən köçkünlərə göstərilən maddi və mənəvi dəstək davamlıdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin koronavirus pandemiyasının əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər artıq öz nəticələrini verir. Dövlət başçısının əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır. Koronavirus pandemiyasının yayılması səbəbindən elan olunmuş xüsusi karantin rejimi müddətində ölkəmizdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir, xüsusilə aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.
Bu məqsədlə 2020-ci il mayın 1-də Laçın Rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə növbəti ərzaq yardımı paylanışı laçınlı köçkünlərin müvəqqəti məskunlaşdığı Suraxanı rayonu, Hövsan qəsəbəsindəki “Nord” zavodunun yataqxanasında həyata keçirilmişdir. Tədbir zamanı sosial müdafiəyə daha çox ehtiyacı olan aztəminatlı ailələrə gündəlik tələbatları üçün lazım olan ərzaq məhsulları paylanılmışdır.
Tədbir zamanı, həmçinin köçkünlərə xüsusi karantin rejimi şəraitində, özlərinin və yaxınlarının sağlamlığı naminə, tələb olunan qaydalara düzgün riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə olunmuşdur.
Laçınlı köçkünlər dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.