Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonundan olan Böyük Vətən Müharibəsi iştirakçıları ziyarət edildi.

22 aprel 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara davamlı olaraq yardımlar paylanılır, onlara sosial xidmətlər göstərilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən aprelin 20-dən may ayının 4-dək ölkəmizdə xüsusi karantin rejiminin uzadılması çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Laçın Rayon İcra Hakiyyətinin əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirlərində iştirak edərək, bu qəbildən olan sakinlərə yardımlar edir, onlara maddi və mənəvi dəstək olurlar.
Davamlı şəkildə həyata keçirilən aksiyaların tərkib hissəsi olaraq Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev 2020-ci il 22 aprel tarixdə Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Vağazin obasında və Taxta Körpü qəsəbəsində müvəqqəti məskunlaşmış Böyük Vətən Müharibəsi iştirakçıları Vağazin kənd sakini, 99 yaşlı Quluyev Alıqulu İbrahim oğlu və Mişni kənd sakini 96 yaşlı Abbasov İbiş Nəcəfqulu oğlu ilə görüşərək, onları ziyarət etmiş, onlara ərzaq bağlaması təqdim etmişdir.
Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş zamanı karantin rejimi qaydalarına riayət etmələri, özünütəcrid tədbirlərinə uyğun davranmaları tövsiyə edilmişdir.
Böyük Vətən Müharibəsi iştirakçıları onlara göstərilən davamlı diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və  Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Laçın Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

Keçidlər