Tanınmış sair Nazim Əhmədlinin 60 illik yubileyi qeyd edilmişdir
Ağcabədi rayonu ərazisində laçınlı məcburi köçkünlər üçün salınmış Taxtakörpü qəsəbəsindəki rayon Mədəniyyət evində şair Nazim Əhmədlinin 60 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilmişdir.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri, professor Ənvər Əhməd və başqaları tədbirdə çıxış edərək Nazim Əhmədlini 60 illik yubileyi münasibətilə təbrik etmiş, şairin həyat və yaradıcılığı barədə danışmışlar.
Bildirilmişdir ki, ədəbiyyata 1980-ci illərdə gəlmiş şair Nazim Əhmədli “Bir ömür sevgi”, “Ruhum da sənin olacaq”, “Sevgi Allahı” şeirlər, “Əfv eylə məni” qəzəllər, “Mənim generalım” povest, “Qız təbəssümü” hekayələr, “Mollaəhmədli və Mollaəhmədlilər” adlı bədii publisistik kitabların müəllifidir. O, rus, isveç, yapon ədəbiyyatlarından tərcümələr etmiş, şeirləri bir neçə dilə tərcümə olunmuşdur. Hazırda Nazim Əhmədli Azərbaycan Yazıçılar Birliyinin ədəbiyyatın təbliği bürosunun direktoru vəzifəsində işləyir.
Tədbirdə Nazim Əhmədliyə Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim edilmişdir.
Yubiley mərasimində çıxış edən şair Nazim Əhmədli tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirmişdir.
Məktəblilər şairin şeirlərini söyləmiş, rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış etmişlər.