Laçın rayon rəhbərliyi Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı Şərqiyyə Vəliyevanı və Rayon Ağsaqqllar Şurasının sədri, əməkdar müəllim Ağayar İsmayılovu ziyarət etmişdir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri əhəmiyyətli dərəcədə gücləndirilir.
Dövlət başçısının və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın çağırışlarına əsasən, karantin rejimi ilə əlaqədar olaraq yaşı 65-i keçmiş insanlara, tənhalara, ahıl vətəndaşlara davamlı olaraq, yardımlar paylanılır, onlara sosial xidmətlər göstərilir.
Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 24-dən aprelin 20-dək ölkəmizdə xüsusi karantin rejimi elan edildiyindən və bu tədbirlər çərçivəsində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması qadağan olunduğundan Laçın RİH-nin əməkdaşları, rayon təşkilatları, YAP fəalları və könüllülər koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində müxtəlif xeyriyyə tədbirlərində iştirak edərək, bu qəbildən olan sakinlərə yardımlar edir, onlara maddi və mənəvi dəstək olurlar.
Bu aksiyaların tərkib hissəsi olaraq, Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri 2020-ci il 11 aprel tarixdə Bərdə rayonunda müvəqqəti məskunlaşmış Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı, “Qəhrəman Ana” Şərqiyyə Vəliyevanı və Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim Ağayar İsmayılovu ziyarət etmiş, onlar ərzaq bağlanmaları və tibbi vasitələri ilə təmin edilmişlər.
Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı, “Qəhrəman Ana” Şərqiyyə Vəliyeva və Rayon Ağsaqqallar Şurasının sədri, əməkdar müəllim Ağayar İsmayılov ölkəmizdə koronavirus infeksiyası ilə mübarizə tədbirlərini yüksək qiymətləndirərək, bu ağır günlərdə onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.