Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının IX konfransı keçirilmişdir.
29 may 2013-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının IX konfransı keçirilmişdir. İlk öncə Konfrans iştirakçıları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli lider Heydər Əliyevin Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış büstü ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur.
Konfransda Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quluyev , YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, SƏS qəzetinin baş redaktoru Bəhruz Quluyev iştirak etmişlər.
YAP Laçın rayon təşkilatının sədri Aqil Nəzərli konfransı açıq elan etdikdən sonra Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
YAP Lаçın rayon təşkilatının sədri Aqil Nəzərli hesabat məruzəsi ilə çıxış edərək, təşkilatın ötən konfransından keçən dövr ərzindəki fəaliyyəti barədə məlumat vermişdir. Məruzəçi rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı fəal mövqeyindən bəhs etmiş, qarşıda duran vəzifələrə toxunmuşdur.
Hazırda YAP Laçın rayon təşkilatı özündə 34 ərazi ilk partiya təşkilatını birləşdirir. Hesabat dövründə partiya üzvlərinin sayı 610 nəfər artaraq 3172 nəfərə çatmış, 3 ərazi ilk partiya təşkilatı yaradılmışdır.
Konfransda YAP-nın V qurultayına 7 nəfərdən ibarət nümayəndə heyəti seçilmişdir.
Daha sonra konfransda Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quluyev , “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quluyev çıxış edərək partiyanın cəmiyyətdəki böyük nüfuzundan, Ulu Öndər Heydər Əliyev ideyalarının bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən danışmışlar. Çıxışlarda Laçın rayon sakinlərinin Ölkə Prezidentinə olan yüksək inam və məhəbbəti qeyd olunmuş və laçınlıların əsas mövqelərinin 2013-cü ilin oktyabr ayında keçiriləcək Prezident seçkilərində bir daha ortaya qoyacaqlarına əminlik vurğulanmışdır.