Koronavirus əleyhinə tədbirlər laçınlıların məskunlaşdığı Taxta Körpüdə də gücləndirilib.
Laçınlı məcburi köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonu Taxta Körpü ərazisində Koronavirus (COVID - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Laçın Rayon İcra Hakimiyyətində yaradılmış Xüsusi Qərargahın nəzarəti ilə ardıcıl profilaktik və qabalayıcı tədbirlər həyata keçirilir.
Belə ki, rayonun aidiyyəti qurumlarının işi xüsusi gücləndirilmiş rejimə keçməklə hər bir təşkilat və müəssisə öz işini Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun quraraq Ağcabədi rayonu Taxta Körpü ərazisindəki köçkün qəsəbələrində və obalarda müvafiq profilaktik- dezinfeksiya tədbirlərinin həyata keçirilməsini daha da gücləndirib. Müntəzəm olaraq köçkün qəsəbələrinin küçə və yolları, ərazidəki meydan və parklar, həmçinin inzibati binaların, ərzaq mağazalarının, rabitə və digər zəruri xidmət təşkilatlarının ətrafı vaxtaşırı olaraq xüsusi maddələrlə yuyularaq qabaqlayıcı tədbirlər görülür.
Xüsusilə hər gün Qərargah üzvləri Rayon Polis şöbəsinin əməkdaşları ilə birlikdə sakinlərlə maarifləndirmə və izahat işləri aparmaqla yanaşı mobil qruplar tərəfindən də yerlərdə əhalinin maksimum evdə qalması haqqında onlara çağırışlar edilir.
Görülmüş bu tədbirlər sakinlər tərəfindən müsbət qarşılanır.