Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir
2020-ci il 6 fevral tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu Bərdə rayonunun Qazaxlar kəndi ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə keçirilmişdir.
Bərdə rayonunun Qazaxlar kəndi ərazisində fəaliyyət göstərən Laçın rayonunun Qazaxlar ümumi orta məktəbinin inzibati binasında keçirilən, 43 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Taxta Körpü ərazisindəki obalarda müvəqqəti məskunlaşmış sakinlərdən 645 ailəyə bütün infrastruktura malik yeni qəsəbə salınmasından danışan rayon rəhbəri qısa müddət ərzində mənzillərin sakinlərin istifadəsinə veriləcəyini, bununla yanaşı mərhələli şəkildə digər sakinlərin də yeni tikilmiş mənzillərlə təmin ediləcəyini bildirmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni işğalında olan torpaqlarımızın da tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Rayon rəhbəri həmçinin çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı misilsiz xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda 9 nəfər məcburi köçkünün fərdi qaydada müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu ərazidə kompakt şəkildə məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, birdəfəlik maddi köməklik, elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi, mənzil təmiri, təbii qazla təmin olunma, özünüməşğulluq proqramına cəlb edilmə, işlə təmin olunma məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.