Laçın rayonunun işğalından 21 il ötür.
Laçın rayonunun 1992-ci il 18 may tarixində erməni silahlı qüvvələri tərəfindən işğal edilməsinin 21 ili tamam oldu. Hər il olduğu kimi bu il də laçınlılar işğal tarixini rayonun icra strukturlarının fəaliyyət göstərdiyi Taxta körpü qəsəbəsi ilə yanaşı Bakının Şəhidlər xiyabanında da andılar.
Şəhidlər xiyabanına gələn ictimaiyyət nümayəndələri və rayon rəhbərliyi dövlət müstəqilliyi və torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların məzarlarını ziyarət edərək üzərinə tər qərənfillər qoydular. Bundan sonra Laçın Rayon İcra Hakimiyyəti adından Əbədi məşəl önünə əklil qoyuldu.
Televiziya və mətbuat işçilərinin suallarını cavablandıran Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov bildirdi ki, birmənalı olaraq Laçın rayonu xəyanət nəticəsində işğal edilmişdir. Nə qədər ki, Laçın laçınlıların özü tərəfindən müdafiə olunurdu heç bir torpaq itkisindən və təxribatdan söhbət gedə bilməzdi. Əksinə, laçınlılar dəhlizi deyilən magistral yolu bağlayaraq Ermənistanla Dağlıq Qarabağ arasındakı birbaşa əlaqələri kəsmişdi. Bu vəziyyət o vaxta qədər davam etdi ki, laçınlılardan ibarət özünümüdafiə batalyonu Azərbaycanın Müdafiə nazirliyi tərəfindən ləğv edildi və Ermənistanla sərhəddə yaradılmış postlar milli ordu qüvvələri adı ilə Laçına gətirilmiş təxribatçı qruplara həvalə edildi. Düşmən qüvvələrə lazım olan anda isə bir günün ərzində bütün postlardan çəkilərək Bakıya üz tutdular və erməni silahlı qüvvələrinin maneəsiz irəliləməsinə şərait yaratdılar. Nəticədə dinc əhali düşmən qarşısında əliyalın müdafiəsiz qaldı. Rayon İcra Hakimiyyətinin başçısı eyni zamanda bildirmişdir ki, “Bu günkü situasiyanı 21 il əvvəllər heç cür müqayisə etmək olmaz. Bu gün bizim çox güclü ordumuz, yenilməz sərkərdəmiz var. Bu ordu ərazilərimizi ən qısa müddətdə işğaldan azad etməyə qadirdir. Məqamı yetişəndə hamımız bunun şahidi olacağıq. Mən bir hərbiçi və prosesləri yaxından izləyən adam kimi sizləri əmin edirəm ki, o gün çox da uzaqda deyil. Biz yaxın zamanlarda müstəqil ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, öz doğma torpaqlarımıza qayıdacağıq”.
Şəhidlər Xiyabanında və torpaqlarımızın müdafiəsi uğrunda həlak olanların məzarları ziyarət olunduqdan sonra tədbir Fəridə sarayında davam etdirilmiş və ehsan süfrəsi təşkil olunmuşdur.