2 fevral Gənclər günü münasibəti ilə tədbir keçirildi
2020-ci il 31 yanvar tarixdə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 2 fevral Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon rəsmiləri və gəncləri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü və Taxtakörpü qəsəbəsindəki Şəhidlərin Xatirə Kompleksi ziyarət etmiş, hər iki abidə önünə tər güllər düzmüşlər.
Sonra tədbir Rayon Təhsil Şöbəsinin iclas zalında davam etdirilmişdir. Tədbir, Rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev tərəfindən açıq elan edilərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Rayon gənclərini bu əlamətdar bayram günü münasibəti ilə təbrik edən idarə rəisi “ 2 fevral Gənclər günü” barədə Ulu Öndər Heydər Əliyevin tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı geniş məlumat vermişdir.
Bununla yanaşı tədbirdə çıxış edən rayon gəncləri də ölkə Prezidentinin davamlı diqqət və qayğısını daim hiss etdiklərini, ölkəmizin bütün sahələrində gənclərin irəli çəkilərək onlara yüksək etimad göstərilməsinə minnətdarlıqlarını bildirərək bundan daha da ruhlandıqlarını, daim dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, onun uğurlu daxili və xarici siyasət və qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarımızın tezliklə erməni işğalından azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.
Tədbirdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilməsindən ətraflı söhbət açaraq, dövlət gənclər siyasəti sayəsində əldə edilmiş nailiyyətlər barədə gənclərə geniş məlumat vermiş, xüsusilə ordumuzun qüdrətinin günü-gündən artmasından və orduda olan yüksək inkişafın tez bir zamanda ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə nəticələnəcəyinə qəti əminliyini bildirmişdir. Daha sonra natiq dövlət gənclər siyasəti ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ətrafında geniş çıxış etmiş, gənclərimizə şəxsi və ictimai həyatda uğurlar arzulamış, gələcək fəaliyyətlərinin səmərəli və məhsuldar təmin olunmasına təkan verəcək lazımi tövsiyələr vermişdir.
Tədbirdə ordudan tərxis olunmuş gənclərə, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilmişdir.