Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Abşeron rayonunun Ceyranbatan qəsəbəsində keçirilmişdir.

31 yanvar 2020 | 16:00

2020-ci il 31 yanvar tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Ceyranbatan Peşə Liseyinin yataqxanasında fəaliyyət göstərən Laçın rayonunun  Minkənd kənd tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşan  məcburi  köçkünlərlə keçirilmişdir.
53 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində respublikada görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Taxta Körpü ərazisindəki obalarda müvəqqəti məskunlaşmış sakinlərdən 645 ailəyə bütün infrastruktura malik yeni qəsəbə salınmasından danışan rayon rəhbəri qısa müddət ərzində mənzillərin sakinlərin istifadəsinə veriləcəyini, bununla yanaşı mərhələli şəkildə digər sakinlərin də yeni tikilmiş mənzillərlə təmin ediləcəyini   bildirmişdir. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının  bariz nümunəsidir.
Rayon İcra Hakimiyyətinin  başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni  işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Rayon rəhbəri həmçinin çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı misilsiz xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda 20 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu Ceyranbatan Peşə Liseyinin yataqxanasına gələn avtomobil yolunun təmiri, yataqxanaya telefon xəttinin çəkilməsi, məcburi köçkün kimi qeydiyyata alınma, yataqxanaya internet xəttinin çəkilməsi, məcburi köçkün vəsiqəsinin alınması, birdəfəlik maddi köməklik, təqaüd təyin olunmasına köməklik olunması məsələləri ilə bağlı olmuşdur.
Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri  iştirak etmişlər. Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər