20 Yanvar şəhidlərinin xatirəsi laçınlılar tərəfindən də anıldı.
20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Laçın Rayon İcra Hakimiyyətində tərtib edilmiş tədbirlər planına əsasən 1990-cı il 20 Yanvar tarixinin Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar rayonun idarə və müəssisələrində, kənd icra nümayəndəliklərində anım mərasimlərinin keçirilməsi təşkil edilmiş, Taxta Körpü qəsəbəsində “Şəhidlərin xatirə kompleksi” ətrafında təmizlik və abadlıq işlərinin aparılması təmin olunmuşdur. Həmçinin, Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 yanvar 2020-ci il tarixdə Taxta Körpü qəsəbədəki “Şəhidlərin xatirə kompleksi” qarşısında ümumrayon anım tədbiri keçirilmişdir. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, şəhidlərin ruhuna dualar oxunmuş, rayon rəhbərliyi və çoxsaylı rayon sakinləri tərəfindən şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunaraq tər qərənfillər düzülmüşdür.
Eyni zamanda tədbirlər planına uyğun olaraq 20 Yanvar günü matəm əlaməti olaraq yaşayış məntəqələrində, rayonun bütün idarə və müəssisələrində dövlət bayraqları endirilmiş, gün ərzində qəsəbə ərazisində matəm musiqisi səsləndirilməklə, saat 12:00-da rayon sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və avtomobillərdən səs siqnallarının verilməsi təmin olunmuşdur.