Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin iyirmi birinci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir.
16 may 2013-cü il tarixdə Laçın Rayon İcra strukturlarının və idarə müəssissələrinin müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü bağlı geniş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdən əvvəl qəsəbədəki rayon şəhidlərinin xatirəsinə ucaldılmış Xatirə Kompleksi rayon ictimaiyyəti, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları və məktəblilər tərəfindən ziyarət olunaraq önünə gül dəstələri qoyulmuşdur. Sonra tədbir Xatirə Kompleksinin qarşısında davam etdirilmişdir. Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov giriş sözü ilə açdıqdan ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun 21 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı ətraflı məlumat vermiş, işğal nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndinin erməni quldurları tərəfindən talan edilərək yandırıldığı, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrin erməni vandalizminə məruz qaldığı, həmçinin 13745 yaşayış evinin , 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və digər müəssisələrin talan edildiyi, əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iri, 200 min başdan çox xırdabuynuzlu heyvanlar və minlərlə arı ailəsinin qarət edildiyi bildirilmiş, ümumiyyətlə rayona 7 milyard ABŞ dollarından çox ziyan vurulduğu bildirilmişdir.
O, da xüsusilə qeyd olunmuşdur ki, dörd il müddətində ata-baba yurdlarını müdafiə edən laçınlılardan 300 nəfərdən çoxu şəhid olmuş, 5 nəfəri isə Milli Qəhrəman adına layiq görülmüşdür.
Sonra tədbirdə iştirak edən rayon ziyalılarından Kərəm Cabbarov, Abuzər Abuzərov, müharibə iştirakçısı Zöhrab Alıyev çıxış edərək, erməni işğalının rayonumuza vurduğu ağır zərbələrdən danışmış, erməni faşizminin xalqımıza qarşı törətdiklərinin insanlığa sığmayan vəhşilik olduğunu qeyd etmiş, buna kəskin nifrətlərini bildirmişdilər. Onlar eyni zamanda bu müharibə nəticəsində nə qədər məhrumiyyətlərə məruz qalsalar da ata-baba yurdlarını-Laçını bir an belə unutmadıqlarını, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində nikbin olduqlarını, tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımızın azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.
Tədbir Laçının işğalının 21-ci ildönümü ilə əlaqədar məktəblilərin hazırladıqları ədəbi-bədii kompazisiya ilə başa çatmışdır.