Şriftin ölçüsü :

Saytın rəngi :

10 may 2022-ci il Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür.

10 may 2022 | 15:08

     Anadan olmasının 99-cu ildönümü tamam olan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır.

    Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tari­xi şəxsiyyətləri var. Azərbaycan xalqı da xoşbəxtdir ona görə ki, dünya  dahilərinin  sırasına yüksəlmiş Heydər Əliyev kimi Ümummilli lider var.

    Ümumən bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin timsa­lına çevrilməsi nadir hadisədir. Yaxın tariximizdə belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə misilsiz xidmətləri göstərmiş ulu öndər  Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyətdir.  Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

   Görkəmli dövlət xadimi Heydər Əliyev çıxışlarının birində qeyd etdiyi kimi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xal­qına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” deyərək vurğulamasıdır.

     XX yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq ulu öndər Heydər Əliyevin ikin­ci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamam­lanıb. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

       1993-2003-cü illəri əhatə edən ikinci hakimiyyət dövrü  Heydər Əliyevin siyasi müdrikliyi, iradəsi və qətiyyəti, mükəmməl idarəçilik qabiliyyəti sayəsində dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan keçid dövrünün çətinliklərini uğurla arxada qoyaraq  yenidən dirçəliş mərhələsinə daxil olmuşdur. Ümummilli lider Heydər Əliyevin Azərbaycana və regiona sülh, sabitlik və davamlı inkişaf gətirmək yolunda atdığı qətiyyətli addımlar onun beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillərdir.

Tarixə müasir Azərbaycanın memarı olaraq düşən ümummilli lider Heydər Əliyev bu yolda qəti addımlar ataraq  özünün iqtisadi inkişaf yolunda olan Azərbaycanın etibarlı, sağlam gələcəyini qurdu. Bunun ən bariz nümunələrindən biri də ulu öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qa­zanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı-varis yetişdirməsindədir.

    Qürurla qeyd edirik ki, 2003-cü ildən keçən dövr ərzində  ümummilli liderin ideyaları Azərbaycan Respubli­kasının Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, çoxşaxəli  fəaliyyəti nəticəsində yaşayır və uğurla inki­şaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xa­rici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Xalqımız inanır ki, əsası ümum­milli lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

     2003-cü ildən bəri müstəqil dövlətimizin qurucusu və xalqı­mızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev cismən yanımızda olmasa da, ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev həm ata vəsiyyətini yerinə yetirən övlad, həm də onun memarı olduğu dövlətin rəhbəri, qurduğu qüdrətli ordunun, yenilməz sərdərdəsi,  Ali Baş Komandanı kimi Heydər Əliyev ideyalarını layiqincə davam etdirir.

Hər birimiz əminik ki,  daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad­dır, çünki xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da­vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən əsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Bu gün Ulu öndər  Heydər Əliyevin cismən aramızda  olmaması  xalqımız   üçün nə qədər ağırdırsa,  İlham  Əliyev kimi müdrik və bacarıqlı bir dövlət başçısının   Heydər  Əliyev  siyasi  kursunu layiqincə  davam  etdirməsi , Birinci-vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən ulu öndərin zəngin irsininin dünyada geniş təbliği  ən böyük xoşbəxtlikdir. 
    Bu günlər ölkəmizin bütün guşələrində  olduğu kimi  Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə  Laçın rayonunda da  silsilə tədbirlər keçirilmişdir. Belə tədbirlərdən  rayonda məktəblilər  arasında  inşa yazı, rəsm  müsabiqəsi , şahmat və digər idman  yarışları, keçirilməklə,  qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr  təqdim olunması, böyüməkdə olan gənc nəsildə ulu öndər Heydər Əliyev irsinə marağı daha da artırmışdır.

    Bununla yanaşı hazırda Laçın Rayon İcra Hakimiyyətinin fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində  xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət edilərək, büstü önünə tər gül dəstələri düzülmüş, rayon rəhbərliyi, hüquq mühafizə orqanları əməkdaşları, rayon ictimaiyyəti nümayəndələri, YAP üzvüləri, qəsəbə sakinləri və gənclər tərəfindən onun əziz xatirəsi ehtiramla  yad olunmuşdur.

Keçidlər