1 Oktyabr - Beynəlxalq Ahıllar Günüdür
BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul edilən Qətnaməyə uyğun olaraq, hər il oktyabrın 1-i dünyada, o cümlədən 1993-cü ildən Azərbaycanda da Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.
Bildiririk ki, "Sosial xidmət haqqında" Qanununa əsasən, ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir və hazırda ölkəmizdə yaşı 70-dən yuxarı olan vətəndaşların sayı 400 minə yaxındır. Belə ki, ölkə üzrə əmək pensiyaçılarının 333 minə yaxını ahıl vətəndaşlardır. Onlardan 204 mini qadın, 129 min nəfəri kişidir. Ahıl pensiyaçıların 208 min nəfəri 70-80, 115 min nəfəri 80-90 yaşlarında, 10 min nəfəri isə yaşı 90-dan yuxarı olan vətəndaşlardır.
Ümummilli lider Heydər Əliyev tərəfindən yaşlı insanlara, ahıllara daim diqqət və qayğı göstərilib və həmin insanların qayğı ilə əhatə olunması istiqamətində mühüm tədbirlərə başlanması təmin edilib. 2003-cü ildən bu siyasət ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da gücləndirilir. Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlar, təsdiqlədiyi Dövlət Proqramları ahıllara dövlət qayğısının artırılması sahəsində mühüm addımların atılmasına imkan verməklə, onlara daim həssaslıqla yanaşılır.
Eyni zamanda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas olan əhali kateqoriyaları ilə bağlı olan təşəbbüsləri bu sahəyə olan dövlət qayğısının bariz nümunəsidir. Heydər Əliyev Fondu tərəfindən sosial xidmət müəssiələrində, Qocalar evində mütəmadi olaraq xeyirxah aksiyalar, dövlət himayəsində yaşayanlara xoş hislər bəxş edən tədbirlər təşkil olunur ki, bu da dövlətin yaşlıların rifahının təmin edilməsi istiqamətində gördüyü işlərə mühüm dəstəkdir.
O da təqdirəlayiq haldır ki, BMT Avropa üzrə İqtisadi Komissiyasının Siyasi İcmal buraxılışında Azərbaycan fəal yaşlanma sahəsində müsbət təcrübə nümunəsi olan ölkələr sırasında təqdim edilir.
Əmək pensiyaçılarının mühüm bir hissəsi ahıllardır. Ötən dövrdə ölkəmizdə pensiyaların dəfələrlə artırılması təmin olunub. Pensiya təminatı sistemində son illərdə humanist yanaşmalar da tətbiq edilməklə, yaşlı nəslin bu təminat növünə əlçatanlığı xeyli artırılıb.
Ahıl vətəndaşların bir qismi də İkinci Dünya müharibəsi iştirakçılarıdır. Həmin vətəndaşlar Prezidentin aylıq təqaüdləri ilə təmin edilir ki, bu təqaüdlərin məbləği ötən dövrdə dəfələrlə artırılıb. Onlara pensiya təyin olunarkən pensiyalarına qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr hesablanmaqla, hər il 9 May - Qələbə günü ərəfəsində dövlət başçısının sərəncamları əsasında İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar ödənilməklə yanaşı dövlət başçısının qayğısı sayəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 100-dən çox II Dünya müharibəsi əlili mənzillə, 1150-yə yaxın II Dünya müharibəsi əlili avtomobillə təmin olunmuşdur.