1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günüdür
Dünyanın əksər ölkələrində olduğu kimi, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü Azərbaycanda da geniş qeyd edilir. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub.
Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 1 iyun -Uşaqları Beynəlxalq Müdafiə Gününün ölkəmizdə hər il geniş qeyd edilməsi də məhz bu siyasətdən irəli gəlir. Təsadüfi deyil ki, Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə cənab Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti hazırda milli strategiyaya çevrilib. Bu gün Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Ölkə Prezidentinin apardığı siyasətə uyğun olaraq, şəhid ailələrinin üzvləri, uşaqlar dövlətin hər cür diqqət və qayğısı ilə əhatələ olunub. Ölkənin Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də uşaq hüquqlarının müdafiəsi prioritet istiqamətlərindən biridir. Heydər Əliyev Fondu tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilir, Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün, şəhid, aztəminatlı ailələrdən olan uşaqlara xüsusi diqqət ayrılır. Valideyn himayəsindən məhrum olmuş uşaqların himayəsi, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.
Bu gün dövlətimizin əsas məqsədi uşaqların əmin-amanlıq və sülh içində yaşamasıdır. Azərbaycanın sabahı, gələcəyi olan uşaqlar çox xoşbəxtdirlər ki, işğal altında olan torpağın deyil, qalib və müstəqil ölkənin övladlarıdırlar. Onlar müstəqil Azərbaycanda yaşayırlar. Ölkəmiz möhtəşəm Zəfər qazanıb. Tarixi torpaqlarımız öz sakinlərini qarşılamağa hazırlaşır. Tezliklə işğaldan azad olunan torpaqlarımızda xoşbəxt uşaqların səsləri duyulacaqdır.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rayonumuzda da müxtəlif tədbir keçirilmişdir. Rayonun bütün uşaq müəssisələrində uşaqlar bədii qiraət, mahnı, rəqs nümunələri ilə çıxış etmiş, əyləncəli tədbirlər keçirilmişdir.
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon rəhbərliyi də gələcəyimiz olan uşaqları təbrik etmiş, onlara xoşbəxtlik və sağlam həyat arzulamışdır.