1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. 01.06.2026
1 iyun bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən Qadınların Beynəlxalq Konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bu bayramın təsis olunmasının əsas məqsədi uşaqların hüquqlarının qorunması, onların sağlam və xoşbəxt gələcəyinin təmin olunmasına diqqət çəkmək olmuşdur.
Ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial mühitdə böyüməsi üçün hərtərəfli şəraitin yaradılması, onların şəxsiyyət kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini olmuşdur. Ulu Öndər Heydər Əliyev uşaq hüquqlarının müdafiəsi məqsədilə 1998-ci il avqustun 24-də “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı xüsusi fərman imzalamışdır. Qanunda uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqları da xüsusi vurğulanır. Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların sağlam və parlaq gələcəyi məqsədilə müxtəlif fərman və sərəncamlar imzalamışdır. Həmçinin, dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunmuşdur.
Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdə uşaqların sağlam mühitdə böyüyüb təhsil alması, onların hüquqlarının qorunması məqsədilə hərtərəfli dövlət qayğısı mövcuddur və onların müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılmışdır. Ölkə rəhbərliyinin hərtərəfli diqqət və qayğısı sayəsində hazırda uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə lazımi şərait yaradılmış, çoxsaylı uşaq sağlamlıq mərkəzləri, uşaq bağçaları, müasir tipli məktəblər və istirahət guşələri fəaliyyətə başlamış, uşaq hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması üçün lazımi hüquqi baza yaradılmışdır. Bununla yanaşı bu sahədə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin balaca sakinlərinə, eləcədə yeniyetmə və gənclərinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə uşaq və yeniyetmələrin hərtərəfli inkişafı üçün müvafiq məqsədyönlü tədbirlər görülmüşdür.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 1 iyun 2026-cı il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Laçın Rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin nümayəndələrinin və 4 saylı Körpələr evi-uşaq bağçasının kollektivinin iştirakı ilə təşkil olunan tədbirdə ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısı diqqətə çatdırılaraq, sağlam və xoşbəxt gələcəyimiz naminə görülən işlərdən söhbət açılmışdır. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin məsul işçiləri və digər çıxış edənlər rayonun balaca sakinlərini təbrik edərək onlara ən xoş diləklərini ifadə etmiş, körpələrimizə sülh, əmin-amanlıq və xoşbəxtliklə dolu firavan gələcək arzulamışdır. Tədbir , uşaqların iştirakı ilə musiqili əyləncə və rəqslərlə sona çatmışdır.






