Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunvericilik

№ 352-IIIQD / 31.05.2007 Dövlət qulluqçularının etik davranış qaydaları haqqında
 

Dövlət qulluqçularının etik davranış qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

 

Bu qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.

Fəsil 1. Ümumi müddəalar

Maddə 1. Qanunun əhatə dairəsi

1.1. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir.
1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu qanunun müddəalarına əməl etməyə borcludur.

Maddə 2. Qanunun məqsədləri

2.0. Bu qanunun məqsədləri aşağıdakılardan ibarətdir:
2.0.1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
2.0.2. dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması;
2.0.3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması;
2.0.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi;
2.0.5. dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması;
2.0.6. dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.

Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi

3.1. Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq tənzimlənir.
3.3. Bu qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar bu qanunun müddəalarına zidd olmamalıdır.

Fəsil 2. Etik davranış qaydaları

Maddə 4. Vicdanlı davranış

4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borcunu səmərəli yerinə yetirməyə borcludur.
4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması

5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.
5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.

Maddə 6. Loyallıq

6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən olunmuş qaydalara əməl etməlidir.
6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməlidir.

Maddə 7. İctimai etimad

7.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.
7.2. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
7.3. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərməlidir.

Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət

8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni maraqlarının təmin olunmasına, qorunmasına və müdafiəsinə xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını təmin etməlidir.
8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Maddə 9. Mədəni davranış

Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır.

Maddə 10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi

10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur.
10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbəri tərəfindən ona verilən əmrin, sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.

Maddə 11. Qərəzsizlik

11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.
11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı siyasi bitərəfliyə əməl etməyə borcludur.
11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır.

Maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi

12.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya qərarlar qəbul etməsi qadağandır.
12.2. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
12.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz.
12.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət (xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə tutulan məbləğdən artıq haqq tələb edə bilməz.

Maddə 13. Korrupsiyanın qarşısının alınması

13.1. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.
13.2. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz.

Maddə 14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

14.1. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və dəyəri «Korrupsiyaya qarşı mübarizə haqqında» qanunda nəzərdə tutulmuş məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
14.2. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda, bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

Maddə 15. Maraqlar toqquşmasının qarşısının alınması

15.1. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir.
15.2. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur.
15.3. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə məlumat verməlidir. Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.
15.4. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
15.5. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda, bu barədə birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.

Maddə 16. Əmlakdan istifadə

16.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli istifadə etməlidir.
16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə, kompüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməsi qadağandır.

Maddə 17. Məlumatlardan istifadə

17.1. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması mümkünlüyünü təmin etməlidir.
17.2. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
17.3. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi maraqları üçün istifadə edə bilməz.

Maddə 18. İctimai və ya siyasi fəaliyyət

18.1. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.
18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
18.3. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək, digər dövlət qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
18.4. Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq, yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.
18.5. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.

Fəsil 3. Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması

Maddə 19. Təminatlar sistemi

19.0. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:
19.0.1. dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir;
19.0.2. dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə nəzərdə tutulmuş tədbirlər görülür.

Maddə 20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət

20.0. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti:
20.0.1. Dövlət orqanının rəhbəri - xidməti qaydada, yuxarı orqan - tabeçilik əsasında;
20.0.2. Müvafiq dövlət orqanı (bundan sonra «Nəzarət orqanı») - bu qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirir.

Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət

21.1. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti həmin orqanların müvafiq qurumları həyata keçirir.
21.2. Dövlət orqanının rəhbəri:
21.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır;
21.2.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi göstərməlidir;
21.2.3. tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;
21.2.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;
21.2.5. rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidir;
21.2.6. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görməlidir;
21.2.7. tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verməlidir;
21.2.8. öz səlahiyyətləri çərçivəsində bu qanunla müəyyən olunmuş etik davranış qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ hüquqi (və ya normativ xarakterli) aktları işləyib hazırlamalı və təsdiq etməlidir;
21.2.9. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
21.2.10. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;
21.2.11. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır;
21.2.12. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;
21.2.13. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirməlidir.

Maddə 22. Nəzarət orqanının səlahiyyətləri

22.1. Nəzarət orqanı bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi və bu qanunun tətbiqi ilə bağlı məsələlərin əlaqələndirilməsi məqsədi ilə aşağıdakı səlahiyyətləri həyata keçirir:
22.1.1. bu qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir və bu barədə məlumatları ümumiləşdirir;
22.1.2. dövlət qulluqçularından və digər şəxslərdən bu qanunun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir;
22.1.3. daxil olan şikayətlər və məlumatlardan irəli gələn məsələlərin həlli üzrə təkliflər, tövsiyələr və təqdimatlar verir;
22.1.4. dövlət qulluqçularının etik davranış məsələləri üzrə ictimai rəyin öyrənilməsi və bununla bağlı maarifləndirmənin həyata keçirilməsi üçün tədbirlər görür;
22.1.5. dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, bu məsələlərlə bağlı tövsiyələr və məruzələr tərtib edir;
22.1.6. dövlət qulluqçularının etik davranış məsələləri üzrə qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müstəqil ekspertlərlə əməkdaşlıq edir;
22.1.7. daxil olmuş materiallarda hüquqpozmaların əlamətləri olduqda həmin materialları yoxlanılması üçün müvafiq orqanlara göndərir;
22.1.8. dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;
22.1.9. qanunvericiliklə göstərilmiş digər səlahiyyətləri həyata keçirir.
22.2. Nəzarət orqanı etik davranış qaydalarının pozulması ilə əlaqədar dövlət qulluqçusuna qarşı aparılan intizam icraatının gedişinə hər hansı formada müdaxilə edə bilməz.

Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət

23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
23.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:
23.3.1. bu qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
23.3.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu qanunun müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi.
23.3. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Maddə 24. Bu qanunun qüvvəyə minməsi

Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 31 may 2007-ci il
№ 352-IIIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (21 avqust 2007-ci il, № 185). Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 avqust 2007-ci il, № 8, maddə 750).

28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli Qanuna əsasən dəyişikliklərlə.

 

 

https://e-qanun.az/framework/5809 

 

Korrupsiyaya qarşı mübarizə haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.[1]

Bu Qanun, habelə dövlət orqanlarına və yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında, qurumlarda qulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.[2]

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Korrupsiyanın anlayışı

 

Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməsi, habelə fiziki və hüquqi şəxslər tərəfindən qeyd edilən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq vəzifəli şəxslərə təklif və ya vəd olunması və yaxud verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.[3]

 

Maddə 2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri

 

2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər:

2.1.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər;

2.1.2.xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər;

2.1.3.inzibati vəzifə tutan dövlət qulluqçuları;

2.1.4.dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.5.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər;

2.1.6.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər;

2.1.7.yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;

2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;[4]

2.1.8.qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər;

2.1.9.öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər;

2.1.10. vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər.

2.2. Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.

 

Maddə 3. Qanunun tətbiq dairəsi

 

Bu Qanun Azərbaycan Respublikasının ərazisində bütün fiziki (o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər) və hüquqi şəxslər barəsində, onun ərazisindən kənarda isə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər barəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilir.

 

Maddə 4. Korrupsiyaya qarşı mübarizəni həyata keçirən orqanlar (qurumlar)[5]

 

4.1. Bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, qurumlar və vəzifəli şəxslər səlahiyyətləri çərçivəsində korrupsiyaya qarşı mübarizəni həyata keçirirlər. Korrupsiya ilə əlaqədar hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, korrupsiyaya qarşı mübarizəni qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq mühafizə orqanları həyata keçirirlər.[6]

4.2.  Korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası (bundan sonra "Komissiya") həyata keçirir.[7]

4.3. Komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir. Komissiyanın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən olunur.

 

II fəsil

 

KORRUPSİYANIN QARŞISININ ALINMASI

 

Maddə 5. Maliyyə xarakterli tələblər

 

5.1. Vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı məlumatları təqdim etməlidirlər:[8]

5.1.1.mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə;

5.1.2.vergitutma obyekti olan əmlakı barədə;

5.1.3.kredit təşkilatlarındakı əmanətləri, qiymətli kağızları və digər maliyyə vəsaitləri barədə;

5.1.4.şirkətlərin, fondların və sair təsərrüfat subyektlərinin fəaliyyətində səhmdar və ya təsisçi kimi iştirakı, bu müəssisələrdə öz mülkiyyət payı barədə;

5.1.5.beş min beş yüz manatdan yuxarı olan borcu barədə;[9]

5.1.6.min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə.[10]

5.2. Bu Qanunun 5.1-ci maddəsində göstərilən məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada tələb edilə bilər.[11]

 

Maddə 6 . Maliyyə xarakterli tələblərin pozulmasına görə məsuliyyət

 

6.1. Vəzifəli şəxslər və ya vəzifə tutmaq istəyən şəxslər bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilirlər.

6.2.  Bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarətin həyata keçirilməsi qaydaları qanunvericiliklə müəyyən edilir.[12]

6.3. Vəzifəli şəxslər tərəfindən bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl olunmaması, yəni bu maddədə nəzərdə tutulmuş məlumatların üzürsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması həmin şəxslərin intizam məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə barələrində intizam məsuliyyətinə cəlb olunmanın xüsusi qaydası nəzərdə tutulmuş şəxslər intizam məsuliyyətinə həmin qaydalara riayət edilməklə cəlb oluna bilərlər.

6.4. Komissiya bu Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etməyən şəxslər barəsində rəsmi dövlət qəzetində məlumat dərc etdirə bilər.

 

Maddə 7. Yaxın qohumların birgə işləməsinə yol verilməməsi

 

7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.

7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.

7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.

 

Maddə 8. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər [13]

 

8.1. Vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur.

8.2. Vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir.[14]

8.3. Vəzifəli şəxs hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin rəyini öyrənməlidir.

8.4. Fiziki və hüquqi şəxslərlə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.

8.5. Vəzifəli şəxsə qanunsuz maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, vəzifəli şəxs onlardan imtina etməlidir. Maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsə ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər vəzifəli şəxsin işlədiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma akt üzrə təhvil verilməlidir.[15]

 

III fəsil

 

KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALAR VƏ BU HÜQUQPOZMALARA GÖRƏ MƏSULİYYƏT

 

Maddə 9. Korrupsiya ilə əlaqədar hüquqpozmalar

 

9.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalar bilavasitə korrupsiya hüquqpozmalarından və korrupsiyaya şərait yaradan hüquqpozmalardan ibarətdir.

9.2. Korrupsiya hüquqpozmaları aşağıdakılardır:

9.2.1.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər tələb etməsi, əldə etməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifi və ya vədi qəbul etməsi;

9.2.2.xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün fiziki və ya hüquqi şəxs tərəfindən birbaşa və ya dolayı yolla maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunması, vəd edilməsi və ya verilməsi;

9.2.3.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində qanunsuz olaraq alınmış əmlakdan özü və ya üçüncü şəxslər üçün mənfəət əldə etmək məqsədilə istifadə edilməsi;

9.2.4.vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri haqqı ödənilmədən və ya bazar qiymətlərindən və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdən aşağı qiymətə (tarifə) əldə edilməsi;

9.2.5.vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan, royaltidən və ya icarədən Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq gəlir götürməsi;

9.2.6.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən hər hansı şəxsə birbaşa və ya dolayı yolla maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin təklif olunması, vəd edilməsi və ya verilməsi;

9.2.7.müəyyən mükafat müqabilində vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək imkanına malik olduğunu bildirən şəxs tərəfindən maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin qəbul edilməsi və ya belə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin verilməsi ilə bağlı təklifin və ya vədin qəbul edilməsi.

9.3. Vəzifəli şəxsin aşağıdakı hərəkətləri korrupsiyaya şərait yaradan hüquqpozmalar sayılır:

9.3.1.xidməti vəzifəsini (səlahiyyətlərini) icra etdiyi dövrdə elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödənişli vəzifə tutmaq və ya fəaliyyət növü ilə məşğul olmaq;

9.3.2.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək;

9.3.3.bilavasitə, başqa və ya uydurma şəxslər vasitəsilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, əvəzçilik üzrə işləmək (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), habelə sahibkarlıq fəaliyyətini həyata keçirən təsərrüfat subyektlərinin və maliyyə-kredit müəssisələrinin icra orqanlarının tərkibinə daxil olmaq;

9.3.4.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə onun səlahiyyət dairəsinə daxil olmayan məsələlər üzrə digər dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların fəaliyyətinə qanunsuz müdaxilə etmək;[16]

9.3.5.statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə şəxsi maraqlarına aid məsələlərin həllinə təsir etmək;

9.3.6.normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək;

9.3.7.vəzifə tutduğu və ya ona tabe olan, onun nəzarətində olan, habelə ona hesabat verən orqanların (qurumların) işi üzrə fiziki və ya hüquqi şəxslərin nümayəndəsi qismində iştirak etmək;[17]

9.3.8.qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmuş məlumatların fiziki və ya hüquqi şəxslərə verilməsindən əsassız imtina etmək, belə məlumatların verilməsini gecikdirmək və yaxud natamam və ya təhrif olunmuş məlumatlar vermək;

9.3.9. qanunla və ya digər normativ hüquqi aktlarla verilməsi nəzərdə tutulmayan məlumatları və sənədləri fiziki və hüquqi şəxslərdən tələb etmək;

9.3.10.dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların maddi və maliyyə vəsaitlərini qanunsuz olaraq namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının, referendum üzrə təşəbbüs qruplarının seçki fonduna vermək;[18]

9.3.11.qanunvericiliklə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət fondlarına, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların təsərrüfat subyektlərinə məxsus olan maddi və maliyyə ehtiyatlarını qeyri-dövlət strukturlarına vermək;[19]

9.3.12.fiziki və ya hüquqi şəxslərə hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsində süni maneələr yaratmaq;

9.3.13.sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı səlahiyyətləri belə fəaliyyəti həyata keçirən fiziki və hüquqi şəxslərə qanunsuz olaraq vermək.

9.4. Bu Qanunda nəzərdə tutulan hallardan başqa, vəzifəli şəxslərin fəaliyyətini tənzimləyən və ya statusunu müəyyən edən qanunvericilik aktlarında korrupsiya ilə əlaqədar digər hüquqpozmalar müəyyən edilə bilər.

 

Maddə 10. Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti

 

10.1.      Korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

10.2.Vəzifəli şəxs tərəfindən bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyəti yaratdıqda, vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.

10.3.Korrupsiya ilə əlaqədar hüquqpozmalara görə intizam məsuliyyəti tədbirləri bu Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir.

10.4.Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hüquqpozmaların törədilməsi inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, aşağıdakı xüsusi hallara riayət edilməklə qanunvericiliklə müəyyən edilmiş qaydada intizam məsuliyyətinə səbəb olur:

10.4.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə vəzifəli şəxsin seçildiyi dövlət orqanlarına məlumat verir.

10.4.2.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan bu barədə müvafiq seçki komissiyasına məlumat verir. Həmin seçki komissiyası isə bu barədə materiallar ona daxil olduğu gündən beş gün ərzində şəxsin yol verdiyi hüquqpozma barədə onun seçildiyi yerli özünüidarəetmə orqanına məlumat verir.

10.4.3.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, onlar barəsində Azərbaycan Respublikası Seçki Məcəlləsində nəzərdə tutulmuş tədbirlər görülür.

10.4.4. Hakimlər bu qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə, korrupsiyaya qarşı mübarizə aparan orqan intizam tənbehinin tətbiqi məsələsinə baxılması üçün bu barədə Məhkəmə-Hüquq Şurasına məlumat verir.[20]

 

Maddə 11. Korrupsiya hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti

 

11.1.Qanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarım törətmiş fiziki şəxslərin hərəkətləri cinayət tərkibi yaratmadıqda, onlar inzibati qaydada cərimə edilirlər.

11.2. Cinayət tərkibi yaratmayan korrupsiya hüquqpozması törətmiş hüquqi şəxslər qanunla müəyyən edilmiş qaydada cərimə edilir. Cinayət tərkibi yaradan korrupsiya hüquqpozmasına görə hüquqi şəxslər barəsində qanunla müəyyən edilmiş qaydada cərimə və ya digər cinayət-hüquqi tədbirlər tətbiq edilir.[21]

 

Maddə 11-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə [22]

 

11-1.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər.

11-1.2. Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının (bundan sonra – idarə, müəssisə və təşkilatların) rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə (bundan sonra – səlahiyyətli struktur bölmə) müəyyən edir.

11-1.3. İdarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə bilərlər.

11-1.4. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir.

11-1.5. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Araşdırma “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır.

11-1.6. Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz.

11-1.7. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı müvafiq idarə, müəssisə və ya təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir. İdarə, müəssisə və ya təşkilatın rəhbəri belə məlumatların qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

11-1.8. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.

 

Maddə 11-2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi

 

11-2.1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

11-2.2. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə-qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

11-2.3. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq edilir.

11-2.4. İdarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçi attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

11-2.5. İdarə, müəssisə və ya təşkilatlar, səlahiyyətli struktur bölmə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən bu Qanunun 11-1-ci və 11-2-ci maddələrinin tələbləri pozulduqda, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

11-2.6. Bu Qanunun 11-2-ci maddəsində nəzərdə tutulmuş müdafiə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı bilə-bilə yalan məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında tətbiq olunmur.

 

IV fəsil

 

KORRUPSİYA İLƏ ƏLAQƏDAR HÜQUQPOZMALARIN NƏTİCƏLƏRİNİN ARADAN QALDIRILMASI

 

Maddə 12. Qanunsuz əldə edilmiş əmlakın götürülməsi və qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi

 

12.1.Vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar və ya güzəştlərin dəyəri könüllü olaraq dövlət nəfinə ödənilir. Vəzifəli şəxslər qanunsuz əldə edilmiş əmlakı könüllü olaraq qaytarmaqdan və ya onun dəyərini, habelə qanunsuz əldə edilmiş imtiyaz və ya güzəştlərin dəyərini könüllü olaraq ödəməkdən imtina etdikdə, qanunsuz əldə edilmiş əmlak və ya onun dəyəri, qanunsuz əldə edilmiş güzəşt və ya imtiyazların dəyəri müvafiq dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların iddiası əsasında məhkəmə tərəfindən dövlətin nəfinə ödənilir.[23]

12.2.İşə məhkəmədə baxılana qədər iddianın təmin edilməsi üçün məhkəmə tərəfindən cavabdehin əmlakı barədə mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görülə bilər.

 

Maddə 13. Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi

 

Korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində qəbul olunmuş aktlar müvafiq dövlət orqanları, yerli özünüidarəetmə orqanları və ya qurumlar tərəfindən və yaxud müvafiq dövlət orqanlarının və ya digər şəxslərin müraciəti əsasında məhkəmə tərəfindən ləğv edilir.[24]

 

Maddə 14. Qanunun qüvvəyə minməsi

 

Bu Qanun 2005-ci il yanvar ayının 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 yanvar 2004-cü il

       № 580-IIQ

 

 

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 285)
  2. 1 sentyabr 2005-ci il tarixli 982-IIQD Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 25 oktyabr 2005-ci il, № 9)
  3. 1 oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 934)
  4. 7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1219)
  5. 30 aprel 2013-cü il tarixli 641-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 iyun 2013-cü il, № 126; Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 595)
  6. 14 oktyabr 2016-cı il tarixli 334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2016-cı il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1762)
  7. 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948)
  8. 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 8)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə preambulanın birinci abzasına “özünüidarəetmə orqanlarının,” sözlərindən sonra “publik hüquqi şəxslərin (bundan sonra – qurum),” sözləri əlavə edilmişdir.

 

[2] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə preambulanın ikinci abzasına “orqanlarına” sözündən sonra “və yerli özünüidarəetmə orqanlarına, qurumlara” sözləri, “özünüidarəetmə orqanlarında” sözlərindən sonra “, qurumlarda” sözü əlavə edilmişdir.

 

[3] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 1-ci, 9.3.2-ci və 9.3.5-ci maddələrə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilmişdir.

 

[4] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə yeni məzmunda 2.1.7-1-ci maddə əlavə edilmişdir.

 

[5] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 4-cü maddənin adına “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilmişdir.

 

[6] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 19482) ilə 4.1-ci maddənin birinci cümləsinə “orqanları” sözündən sonra “, yerli özünüidarəetmə orqanları, qurumlar” sözləri əlavə edilmişdir.

 

[7] 1 oktyabr 2007-ci il tarixli 420-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 10, maddə 934) ilə 4.2-ci maddəsində "Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya" sözləri "Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası" sözləri ilə əvəz edilmişdir.

 

[8] 1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 285) ilə 5.1-ci maddədə “Komissiya tərəfindən” sözləri “qanunvericiliklə” sözü ilə əvəz edilmişdir.

 

[9] 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 8ilə 5.1.5-ci maddədə “şərti maliyyə vahidinin beş min misli miqdarından” sözləri “beş min beş yüz manatdan” sözləri ilə əvəz edilmişdir.

 

[10] 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, № 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 8ilə 5.1.6-cı maddədə “şərti maliyyə vahidinin min mislindən” sözləri “min yüz manatdan” sözləri ilə əvəz edilmişdir.

 

[11] 1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 285) ilə 5.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.2. Bu Qanunun 5.1-ci maddəsində nəzərdə tutulmuş və müvafiq dövlət orqanlarına təqdim olunan məlumatlar kommersiya və ya bank sirri hesab olunur. Bu məlumatların yayılması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Göstərilən məlumatlar yalnız korrupsiya ilə əlaqədar hüquqpozma törədilməsi ilə əlaqədar Komissiya tərəfindən və ya belə hüquqpozmalara görə cinayət təqibi üzrə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tələb edilə bilər. Bu hallarda göstərilən məlumatlar yalnız məhkəmənin qərarı əsasında verilir.

 

[12] 1 aprel 2005-ci il tarixli 875-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 285) ilə 6.2-ci maddədə “Komissiya tərəfindən” sözləri “qanunvericiliklə” sözü ilə əvəz edilmişdir.

 

[13] 7 dekabr 2007-ci il tarixli 510-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №12, maddə 1219) ilə 8-ci maddəsi yeni  redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 8. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər

8.1.   Vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar dəyəri şərti maliyyə vahidinin əlli mislindən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini (səlahiyyətini) həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına məxsus hesab edilir. Alınmış hədiyyə şəxsi istifadə üçün nəzərdə tutulmuşdursa, hədiyyə alan şəxs onun dəyərinin göstərilən həddən artıq hissəsini xidməti vəzifəsini (səlahiyyətlərini) həyata keçirdiyi dövlət orqanına və ya yerli özünüidarəetmə orqanına ödəmək şərti ilə bu hədiyyəni əldə edə bilər.

8.2.   Fiziki və hüquqi şəxslərə mülki-hüquqi əqdlərin bağlanması və ya onların icrası zamanı vəzifəli şəxslər tərəfindən xidməti fəaliyyəti ilə əlaqədar olaraq hər hansı güzəştlərin və ya imtiyazların əldə edilməsi qadağan olunur.

8.3.   Bu Qanunun 8.1-8.2-ci maddələrində göstərilən qaydaların pozulması bu Qanunun 6-cı maddəsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

 

[14] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 8.2-ci maddənin ikinci cümləsində “və ya yerli özünüidarəetmə orqanına” sözləri “, yerli özünüidarəetmə orqanına və ya quruma” sözləri ilə əvəz edilmişdir.

 

[15] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 8.5-ci maddənin ikinci cümləsinə “orqanına” sözündən sonra “, yerli özünüidarəetmə orqanına və ya quruma” sözləri əlavə edilmişdir.

 

[16] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 9.3.4-cü maddədə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilmişdir və “orqanlarının” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri əlavə edilmişdir.

 

[17] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 9.3.7-ci maddəyə “orqanların” sözündən sonra “(qurumların)” sözü əlavə edilmişdir.

 

[18] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 9.3.10-cu maddədə “orqanları və ya yerli özünüidarəetmə orqanlarının” sözləri “orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri ilə əvəz edilmişdir.

 

[19] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 9.3.11-ci maddədə “və ya yerli özünüidarəetmə orqanlarının” sözləri “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri ilə əvəz edilmişdir.

 

[20] 1 sentyabr 2005-ci il tarixli 982-IIQD Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 10, maddə 876) ilə 10.4.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

10.4.4. Hakimlər bu Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə,

korrupsiyaya qarşı mübarizə aparan orqan Azərbaycan Respublikası Ali Məhkəməsinin intizam kollegiyasında baxılması və intizam tədbirlərinin görülməsi üçün bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə məlumat verir.

 

[21] 30 aprel 2013-cü il tarixli 641-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 12 iyun 2013-cü il, № 126; Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 06, maddə 595) ilə 11.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

11.2. SQanunvericiliklə müəyyən edilmiş korrupsiya hüquqpozmalarmı törətmiş hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada cərimə edilir və ya onların fəaliyyətinə xitam verilir.

 

[22] 14 oktyabr 2016-cı il tarixli 334-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2016-cı il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 11, maddə 1762) ilə yeni məzmunda 11-1-ci və 11-2-ci maddələr əlavə edilmişdir.

 

[23] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 12.1-ci maddənin ikinci cümləsinə “orqanlarının” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri əlavə edilmişdir.

 

[24] 2 oktyabr 2017-ci il tarixli 786-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr 2017-ci il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 1948ilə 13-cü maddədə “orqanları” sözündən sonra “, yerli özünüidarəetmə orqanları və ya qurumlar” sözləri əlavə edilmişdir, “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilmişdir.

 

Qüvvədədir

YÜKLƏ

Məcəllələr

© 2024 | e-qanun.az | Bütün Haqqlar QorunurƏdliyyə Nazirliyinin İnformasiya - kommunikasiya Texnologiyaları İdarəsi CROCUSOFT

E-QANUN

Keçidlər