Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun Sahil qəsəbəsində keçirilmişdir.

29 noyabr 2019 | 16:00

     2019-cu il 29 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbulu Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yerləşən Sahil qəsəbəsi 253 nömrəli tam orta məktəbinin binasında həmin rayonun ərazisində müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə keçirilmişdir.
     98 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ötən dövr ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikada  görülən işlərdən, şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığını, digər  köçkünlərlə yanaşı  yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 25 fevral tarixli sərəncamı ilə əhalinin müxtəlif sosial təbəqələrinə verilən müavinətlərin artırılmasının əhalinin rifah halının yaxşılaşdırılması üçün görülən işlərin tərkib hissəsi olduğunu bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının artırılması məqsədilə 2019-cu il 26 fevral tarixli sərəncamı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğinin 50 faiz artırılması məcburi köçkünlərə yüksək səviyyədə olan dövlət qayğısının bariz nümunəsidir.
    Laçın Rayon İcra Hakimiyyətinin  başçısı çıxışında Ali Baş Komandan cənab İlham Əliyevin  ordu quruculuğu  istiqamətində görülən işləri, diplomatiya sahəsindəki uğurlarını qeyd edərək erməni  işğalında olan torpaqlarımızın da  tezliklə azad ediləcəyinə əminliyini vurğulamışdır.
Rayon rəhbəri həmçinin çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı misilsiz xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də  danışmışdır.
      Səyyar qəbulda 20 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu birdəfəlik maddi yardım, mənzillə təmin olunma, işlə təmin olunma, vahid aylıq müavinətin bərpasına köməklik olunması, Qobu-1 Park Yaşayış massivində fəaliyyət göstərən Laçın rayon 14 nömrəli tam orta məktəb üçün əlavə sinif otağının verilməsi, Ümid qəsəbəsində mənzillərin təmir olunması məsələləri ilə bağlı olmuşdur.
     Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri  iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər