Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu keçirilib

31 may 2018 | 16:00

   2018-ci mayın 30-da Bakı Konqres Mərkəzində Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş Qadınların V Forumu keçirilib. Forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri, ictimai-siyasi xadimlər, respublikanın bütün regionlarından nümayəndələr iştirak ediblər.
    Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi olub.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
    Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
    Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Forumda Azərbaycanda qadın hərəkatına dair film nümayiş etdirilib.
   Tədbirin açılış mərasimində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi kimi müasir müstəqil Azərbaycanda demokratik dövlət quruculuğu daha da inkişaf etdirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına maraq artıb.
Baş nazirin müavini Əli Əhmədov 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsinin təsadüfi olmadığını deyərək, bunun Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin dövlətçilik tariximizə dərin hörmət və ehtiramının təzahürü olduğunu vurğulayıb.
Milli Məclisin sədr müavini Bahar Muradova tariximizə nəzər salaraq müsəlman Şərqində qadınlara ilk dəfə seçib-seçilmək hüququnun məhz Azərbaycanda verilməsinin qürur hissi doğurduğunu vurğulayıb.
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İshaqzai Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbriklərini çatdıraraq, Cümhuriyyətin fəaliyyətinin ölkə tarixində dönüş nöqtəsi olduğunu vurğulayıb.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson qadınlara seçki hüququnun verilməsinin cəmiyyətin dəyişməsinə səbəb olduğunu söyləyib. O, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətini təqdir etdiyini söyləyib.
BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsi Pramila Patten bildirib ki, Azərbaycan öz tarixi ilə fəxr edə bilər. O, qadınlara seçib-seçilmək hüququnun verilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, qadınların ölkənin həyatında iştirakı demokratiyanın təmin edilməsində əsas şərtlərdən biridir.
    Konstitusiya Məhkəməsinin sədr müavini Sona Salmanova Azərbaycan qadınının milli dəyərlərimizin formalaşmasındakı rolundan danışıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ulu öndər Heydər Əliyevin Azərbaycan qadınlarının ictimai-siyasi fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini bildirib, muxtar respublikada qadınların dövlət qurumlarında təmsilçiliyindən bəhs edib.
Forum işini panel iclaslarla davam etdirib.
   İclasda çıxış edən Ombudsman Elmira Süleymanova diqqətə çatdırıb ki, Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ ilə yanaşı, çoxlarına bəlli olmayan, bilavasitə qadın taleyi ilə bağlı olan qərarlar da verib.
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, qadınların seçib-seçilmək hüququnu tanıyan, qadın-kişi bərabərliyini təmin edən ilk müsəlman ölkəsi olub.
Forumun “İqtisadiyyatda qadınlar: yeni imkanlar və çağırışlar” mövzusunda panel iclasında əvvəlcə Azərbaycanda qadın sahibkarların fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.
    İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycanın bu gün mövcud iqtisadi inkişafında qadınlarımızın önəmli rolu var.
Forumun yekununda qətnamə qəbul edilib. Qətnaməni Milli Məclisin elm və təhsil komitəsinin üzvü, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə səsləndirib.
    Forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbirə yekun vurub. O, Forumun təşkilində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Forumda Laçın rayonundan olan nümayəndələr də iştirak edib.
Forum bədii proqramla başa çatıb.

Keçidlər