Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda laçınlı şəhid ailələri ilə görüş keçirilib

17 may 2018 | 16:00

     Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin növbəti ildönümündə bu rayondan olan və Abşeron rayonunda müvəqqəti məskunlaşmış şəhid ailələri ilə görüş keçirilib.
      Görüş Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov tədbirdə çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilib, onların problemlərinin həlli istiqamətində xeyli iş görülüb. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Azərbaycan dövləti tərəfindən qətiyyətli siyasətin həyata keçirildiyini vurğulayan Fuad Cəbrayılov əminliklə bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə doğma yurdlarımıza qayıdacağıq.
     Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon üzrə baş məsləhətçisi Abuş Məmmədov və Laçın Rayon İcra Hakimiyyətinin Abşeron rayonu üzrə səlahiyyətli nümayəndəsi Varaşil Məmmədov vətən uğrunda şəhid və əlil olanların ailələrinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların problemlərinin həlli istiqamətində mütəmadi tədbirlər həyata keçirildiyini vurğulayıblar.
   Şəhid ailələrinin üzvləri çıxışlarında torpaqlarımızın tezliklə azad ediləcəyinə, ata-baba yurdlarına qayıdacaqlarına inandıqlarını bildirərək, onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.
       Sonda şəhid ailələrinə maddi yardımlar paylanılıb.

Keçidlər