Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlər onkoloji xəstəliklərlə bağlı tibbi müayinədən keçirilir.

21 may 2018 | 16:00

       2018-ci il mayın 21-dən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Ağcabədi rayonunun Taxta Körpü ərazisində müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər arasında onkoloji müayinələrə start verilib.
     Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaq, eyni zamanda, region sakinlərinə daha rahat və keyfiyyətli tibbi xidmətdən yararlanma imkanı yaratmaqdır.
Müayinələr Milli Onkologiya Mərkəzinin 16 nəfərlik aparıcı həkim briqadası tərəfindən müasir tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə həyata keçirilir. Beş gün davam edəcək müayinələrə Cəbrayıl rayonunun Cocuq Mərcanlı, eləcə də Ağcabədi və Füzuli rayonlarının ətraf kəndlərinin sakinləri də cəlb olunacaq.
      “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri və könüllüləri vətəndaşların müayinələrə cəlb olunmasını təşkil edirlər. Hər gün 500-ə yaxın vətəndaşın müayinə olunması nəzərdə tutulur. Risk qrupuna daxil olan xəstələr tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət ediləcək, digər patologiya aşkar edilən xəstələrə yerində məsləhətlər verilib müvafiq profilli xəstəxanalara yönləndiriləcəklər.

Keçidlər