Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin 2017 - ci ildə sonuncu görüşü Abşeron rayonunun Masazır qəsəbəsində keçirilmişdir.

29 dekabr 2017 | 16:00

       Laçın Rayonu İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli əvvəlcə görüş iştirakçılarını 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramları ilə bağlı təbrik edərək 2018-ci ilin xalqımız üçün qələbə ili olmasını arzuladı. Rayon rəhbəri daha sonra çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  hazırda ölkəmizdə geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirildiyini bildirdi.  Rayon rəhbəri çıxışında  xüsusilə vurğuladı ki, ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində  əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən diqqət və qayğı daha da artırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”, 2007-ci il 31 oktyabr tarixli 2475 nömrəli və 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamları ilə həmin Dövlət Proqramına Əlavələr təsdiq edilmişdir. Ötən illərdə həyata keçirilən tədbirlər nəticəsində həmin Dövlət Proqramı, ona edilmiş Əlavələr və digər Dövlət Proqramları uğurla icra olunur və bu sahədə nəzərdə tutulan digər işlər davam etdirilir. Belə ki, 2007-ci ildə ölkədəki 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanan proses nəticəsində məcburi köçkünlər üçün 3,2 milyon kvadratmetr sahəsi olan müasir qəsəbələr salınmış, 250 mindən çox məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılmış, bu məqsədlə 2,3 milyard manat vəsait sərf olunmuş, indiyədək bu kateqoriyadan olan insanların sosial problemlərinin həlli üçün 6,6 milyard manat vəsait xərclənmişdir. Son vaxtlar  məcburi köçkünlər üçün Sumqayıt şəhərində, Qaradağ və Tərtər rayonları ərazisində yeni salınan qəsəbələr , Abşeron rayonunun Masazır qəsəbəsində 80-dən çox laçınlı ailəsinin yeni mənzillərə köçürülməsi və bu münasibətlə keçirilən tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı, ölkə başçısı cənab İlham Əliyevin Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış kompleksində yaradılan şəraitlə şəxsən tanış olması, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə aparılan geniş abadlıq-quruculuq işləri bunun bariz nümunəsidir. Rayon rəhbəri yaxın zamanlarda  yataqxanalarda , pansionatlarda, uşaq bağçalarında və digər yaşayış üçün nəzərdə tutulmayan binalarda müvəqqəti məskunlaşmış bütün məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini bildirdi.
        Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı xarici siyasət nəticəsində dünyada Ermənistan-Azərbaycan , Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı fikir formalaşmış, bütün mötəbər beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bunu təsdiqləyən bir çox qərar və qətnamələr qəbul edilmişdir. Bu yaxınlarda Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşündə qəbul edilmiş yekun Bəyannamədə  də Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyi, bir daha təsdiqlənmiş və dəstəklənmişdir. Bu bizim böyük diplomatik nailiyyətimizdir. Rayon rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin   rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin  Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirdi.
         Zəngilan Rayonu İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov görüşdə çıxış edərək, şəhərcikdə yaradılan şərait barədə geniş məlumat  verdi.
       Görüşdə çıxış edən məcburi köçkünlər onları yeni mənzillərlə təmin etdiyinə, onlara göstərilən hərtərəfli diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.
Görüşdə 80 nəfər iştirak etdi və görüşdən sonra keçirilmiş səyyar qəbulda 9  nəfərin müraciəti dinlənildi, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verildi.
       Görüşdə Zəngilan Rayonu İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri , idarə və müəssisə rəhbərləri,  aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr  iştirak etdilər.

Keçidlər