Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İslam İdris oğlu Quluyevin adını daşıyan Laçın rayonunun Fingə kənd tam orta məktəbində şəhidin adının əbədiləşdirilməsi məqsədilə tikilmiş abidənin açılışı ilə əlaqədar tədbir keçirilmişdir.

07 dekabr 2017 | 16:00

         07 dekabr 2017-ci il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsi ərazisində - Fingə obasında Laçın rayon İslam Quluyev  adına Fingə kənd tam orta məktəbində  şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə tikilmiş abidənin açılışı ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə məktəb kollektivi, kənd sakinləri, şəhid İslam İdris oğu Quluyevin ailə üzvləri və yaxın qohumları, şəhidin döyüş yoldaşları, eyni zamanda rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
        Tədbir iştirakçıları məktəbin həyətində Fingə kəndindən olan, eyni zamanda məktəbin adını daşıdığı şəhid İslam İdris oğu Quluyevin  xatirəsinə inşa olunmuş abidənin önünə tər gül-çiçək dəstələri qoymaqla, şəhidin xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Şəhid İslam Quluyevin və torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş bütün şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbirdə əvvəlcə onun haqqında tədbir iştirakçılarına ümumi məlumat verilmiş, keçdiyi döyüş yolundan  danışılmışdır.
      Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli İslam Quluyevin keçdiyi döyüş yolundan danışaraq, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş və öz sağlamlığını itirən insanlara, eyni zamanda onların ailə üzvlərinə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan diqqət və qayğının, məhz bu gün də Ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyi, həmin ailələrə hər zaman dövlət tərəfindən dəstək göstərildiyi bildirilmişdir.
       Tədbirdə çıxış edən İslam Quluyevin döyüş yoldaşları onun igidliyindən, vətənpərvərliyindən danışaraq, dövlətçilik naminə, vətən naminə bütün döyüş yoldaşlarını arxasınca aparan bir döyüşçü olduğunu, döyüş zamanı hər bir yoldaşa arxa-sipər  olduğunu bildirmişlər. Çıxışlarda eyni zamanda Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmağı üçün hər zaman döyüşə atılmağa hazır olduqlarını bildirmişlər.
      Tədbirdə iştirak edən şəhidin ailə üzvlərindən dayısı Nizami Rzayev çıxış edərək, şəhidin xatirəsinə göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri adından  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirmişdir.
     Tədbir ədəbi-bədii kompazisiya ilə davam etdirlmişdir. İslam Quluyevin müəllifi olduğu şerin məktəb şagirdlərinin ifasında səsləndirilməsi tədbir iştirakçılarını təsirləndirmiş və məktəb şagirdlərinin kompazisiyası Üzeyir Hacıbəyovun “Koroğlu” Overturasının səsləndirilməsi ilə başa çatmışdır.
     Tədbirin sonunda məktəbin direktoru Habil Abduləzimov çıxış edərək, şəhid İslam Quluyevin adını daşıyan kənd məktəbinə, şəhidin xatirəsinə göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə məktəb kollektivi, eyni zamanda kənd sakinləri adından öz minnətdarlığını bildirmişdir.

Keçidlər