Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrasına dair Tədbirlər Planına uyğun olaraq tədbir keçirilmişdir.

26 oktyabr 2017 | 16:00

       26 oktyabr 2017-ci il tarixdə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Rayon Təhsil Şöbəsinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə tədbir keçirilmişdir.
          Rayonun təhsil işçilərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Cabir Əvəzzadə  müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, bildirmişdir ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının  Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunması Ulu Öndərin dil və dilçilik sahəsinə necə həssaslıqla yanaşmasının   ən bariz nümunəsidir. Natiq eyni zamanda bildirmişdir ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Dəfələrlə təsdiq edilmişdir ki, Heydər Əliyev bütün ömrü boyu Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşaraq onu sevməklə bərabər, keşiyində də mərdliklə dayanmış, nüfuzunu qaldırmış, tərəqqisi üçün illərlə mübarizə aparmış və istəyinə nail olmuşdur.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri – filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyevanın “İlham Əliyevin Dövlət Dili siyasəti”  mövzusunda məruzəsi dinlənilmişdir.
       Məruzədə bildirilmişdir ki, dövlət başçısı İlham Əliyevin 9 aprel 2013-cü il tarixdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı mütərəqqi əhəmiyyətə malik olmaqla, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, eləcə də dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi kimi məsələləri özündə ehtiva edir. Eyni zamanda bildirilmişdir ki, dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, lüğət tərkibinin və qrammatik normaların sistemləşdirilməsi Dövlət Proqramının əsas vəzifələrindəndir. Bu proqramın icrasından gözlənilən nəticələr Azərbaycan dilinin və dilçilik elminin inkişafına hesablanıb. Azərbaycan dilçiliyinin prioritet istiqamətlərinin düzgün müəyyənləşdirilməsi sayəsində mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün də mexanizmlər işə düşəcək. Elmi, bədii və publisistik əsərlərin orijinaldan tərcüməsi, eləcə də filmlərin dublyajı sahəsində qüsurların aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi gözlənilən nəticələrə daxildir.  Azərbaycan dilinin düzgün işlədilməsi və onun təmin olunması üçün müvafiq internet resurslarının da yaradılması nəzərdə tutulmuşdur.

Tədbir qarşılıqlı dikusiya şəraitində keçmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


         

Keçidlər