Şriftin ölçüsü :

Saytın rəngi :

Taxtakörpü ərazisindəki təsərrüfatlarda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür

11 avqust 2017 | 16:00

        1992-ci ilin may ayının məlum hadisələrindən sonra Laçın rayonundan olan məcburi köçkünlərdən 14 min nəfərə yaxın əhali sahəsi 316 km² olan Ağcabədi, Beyləqan və İmişli  rayonlarının inzibati ərazisinə aid Taxtakörpü adlanan ərazilərdəki 84 obada (yaşayış məntəqəsində) müvəqqəti məskunlaşmaqla, əsasən heyvandarlıqla məşğul olurlar. Hazırda həmin ərazidə Laçın rayonu üzrə 24 kənd və 2 qəsəbə nümayəndəliyini əhatə edən 1235  heyvandarlıq təsərrüfatında 12 358 baş iribuynuzlu, 73 514 baş xırdabuynuzlu heyvanlar saxlanılır.
       Rayonda heyvandarlığın aparıcı sahələrdən biri olduğu nəzərə alınaraq, heyvandarlığın intensiv inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində davamlı olaraq müvafiq tədbirlər görülür. 2016-cı ildə Laçın Rayon Kənd Təsərrüfatı İdarəsi yarandıqdan sonra bu sahəyə diqqət daha da artırılmışdır. Rayon üzrə heyvandarlıq məhsullarının istehsalının artırılmasına nail olmaq məqsədilə süni mayalandırma işləri uğurla davam etdirilir. Belə ki, 2016-cı ilin dördüncü rübündən başlayaraq rayonda fəaliyyət göstərən 1 süni mayalanma texniki tərəfindən 41 baş inək və düyə mayalandırılmış, hazırda 11 baş sağlam buzov alınmışdır. Mayalanma zamanı əsasən “Loqotiv” və “Holştein-friz” cinslərindən olan buğaların toxumları istifadə edilir. 
       Azərbaycan Respublikası Prezidentinin  “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli 1364 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli Qərarı ilə təsdiq edilmiş “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş sağlam buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiyanın verilməsi heyvandarlıqla məşğul olan ailələrin mal-qaranın cins tərkibinin yaxşılaşdırılması işinə marağını daha da artırır.
      Bütün bu işlər nəticə etibarı ilə Laçın rayonunda da heyvandarlıq məhsullarının istehsal həcminin artmasına və məhsul bolluğunun yaranmasına səbəb olacaqdır.

Keçidlər