Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Ülvin Məmmədovun il mərasimi ilə bağlı anım tədbiri keçirilmişdir

07 aprel 2017 | 16:00

2017-ci il aprelin 7-də laçınlı köçkünlərin məskunlaşdıqları Ağcabədi rayonunun Taxta körpü ərazisindəki Qarakeçdi obasında  Azərbaycan Ordusunun əsgəri, aprel döyüşləri zamanı şəhid olmuş Ülvin Camaləddin oğlu Məmmədovun  il mərasimi ilə əlaqədar şəhidin məzarı önündə anım tədbiri keçirilmişdir. Coxsaylı rayon sakinlərinin, ictimaiyyət nümayəndələrinin və şəhidin yaxınlarının iştirak etdikləri mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev çıxış edərək Azərbaycan Ordusunun  ölkə Prezidenti, Ali Baş Komandan cənab  İlham Əliyevin rəhbərliyi altında  aprel döyüşlərində qazandığı qələbədən, işğalçı  Ermənistanın təşvişə salmasından danışdı. Mərasim iştirakçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan əsgərinin ötən ilin aprelində əldə etdiyi qələbə nəticəsində  ordumuzun dünyanın ən güclü ordularından biri olduğu sübut olundu.  Rayon rəsmisi,  bu gün Cocuq Mərcanlıdan Şuşaya doğru şüarı ilə başlanan qayıdışın Böyük Qayıdışın təməli olacağına əminliyini bildirdi. Sonra tədbirdə çıxış edən  respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailəlləri İctimai Birliyinin əməkdaşı Ariz Məmmədov  Qarabağ müharibəsi zamanı Azərbaycan  əsgərinin keçdiyi şərəfli yola diqqət çəkərək aprel döyüşlərindən sonra ordumuzun məğlub olan tərəf kimi deyil artıq qalib tərəf kimi zəfər yürüşünə başladığını bildirdi. O, çıxışında  Ülvin Məmmədovun valideynlərinə belə vətənpərvər övlad böyütdüklərinə görə minnətdarlıq edərək daim onlarla birgə olacaqlarını, xalqımız tərəfindən  torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının xatirəsinin daim dərin hörmətlə anılacağını bildirdi.  Mərasimdə çıxış edən  Qarabağ  müharibəsi döyüşçüsü Rəfail Mayılov ordumuzun güclənməsindən və əsgərlərimizin göstərdiyi sücayətdən qürur duyduğunu işğal altındakı torpaqlarımızın azad edilməsində iştirak etməyə bir daha  hazır olduğunu bildirdi. Sonra mərasimdə  çıxış edən şəhidin atası Cəmaləddin Məmmədov onlara göstərilən diqqət və qayğıdan danışaraq buna görə ölkə Prezidenti cənab İlham Əliyevə ailələri adından minnətdarlığını bildirərək övladları ilə birlikdə Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını bildirdi.  Mərasimdə  məktəblilərin ifasında   vətənpərvərlik ruhlu şeirlər səsləndirilməklə  ədəbi-bədii kompozisiya nümayiş olundu. Sonda mərasim iştirakçıları şəhidin məzarı üzərinə əklil və tər çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Tədbirdən sonra rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri şəhidin il mərasimində iştirak etdilər.

Keçidlər