Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Sadınlar obasında görüş-səyyar qəbul keçirmişdir.

04 may 2022 | 16:00

       2022-ci il 4 may tarixdə Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Sadınlar obasında müvəqqəti  məskunlaşmış  laçınlı  məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
Ağcabədi rayonunun Taxta Körpü ərazisindəki Sadınlar obasında fəaliyyət göstərən Laçın rayonunun Sadınlar kənd tam orta məktəbinin həyətində açıq hava şəraitində 37 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli son  illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən, ölkə rəhbərinin işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlərindən, Laçın rayonunun ərazisində iki mühüm dövlət əhəmiyyətli obyektin - Güləbird Su Elektrik Stansiyasının açılışında  və Laçın rayonunun Qorçu kəndi ərazisində beynəlxalq hava limanının təməlqoyma mərasimində iştirakından danışmışdır. Çıxışda eyni zamanda şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışılmış, son illər məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyü, 100-dən artıq müasir yaşayış kompleksi və qəsəbələrin salındığı, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyi bildirilmişdir.
   Rayon rəhbəri çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.
Səyyar qəbulda 5 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərin mövzusu obaya gələn avtomobil yolunun cari təmiri, ərazidə fəaliyyət göstərən Laçın rayonunun Sadınlar kənd tam orta məktəbinin həyətinə çınqıl örtüyün döşənməsi məsələləri ilə bağlı olmuşdur. Qeyd edilən müraciətlərə baxılması üçün  aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, həmin tapşırıqların icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri  iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər