Şriftin ölçüsü :

Saytın rəngi :

17 Noyabr- Milli Dirçəliş Günüdür

17 noyabr 2021 | 16:00

    Tarixən keçməkeçli yol keçən, əsrlərin sınağından uğurla çıxmış Azərbaycan müstəqil  dövlətə sahib olmaq naminə əzmkarlıqla  mübarizə aparmışdır.   Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rol oynamış Xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri də məhz  17 Noyabr - Milli Dirçəliş Günüdür. İllərdir qeyd etdiyimiz Milli Dirçəliş Günü  xalqın istəklərini reallaşdırmaq məqsədindən irəli gəlmişdir.
        Ötən əsrin sonlarında Sovetlər Birliyinin iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsıldıqca imperiyanın siyasi beyin mərkəzinin ittifaq tərkibində olan xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter almışdır. Həmin dövrdə SSRİ-nin sonuncu Prezidenti  Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda Azərbaycana qarşı haqsız ərazi iddialarına başlayaraq separatizmi genişləndirdilər.  Faşizm ideologiyası ilə silahlanmış ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklər,  soydaşlarımızın amansızlıqla  qətlə yetirilməsi, azərbaycanlıların Ermənistandan kütləvi surətdə deportasiya edilməsi Bakıda milli hərəkata yeni vüsət verdi. Məhz o zamanakı SSRİ rəhbərliyinin və yerli hakimiyyət orqanlarının yarıtmaz siyasəti nəticəsində meydana çıxan bu problemlərin qarşısını almaq təşəbbüsünü xalq öz üzərinə götürdü.   Bakının mərkəzində  Azadlıq Meydanına axışan xalq kütlələri 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, xalqımız azad olmağa layiqdır.   Qüdrətli xalq hərəkatının əzəməti Respublikamızın bütün şəhər və rayonlarını bürüdü. Dekabrın 4-dək davam edən mitinqlər SSRİ-də ən iri miqyaslı kütləvi etiraz aksiyası idi. Bunları görən rəsmi Moskva Azərbaycanda  ilk dəfə fövqəladə vəziyyət elan edərək,  SSRİ-in müxtəlif ərazilərindən dislokasiya edilmiş Daxili Qoşun Qüvvələrini Meydanda yerləşdirməklə dekabrın 3-dən 4-ə keçən gecə  mitinqi dağıtdı. Lakin o zaman Xalq hərəkatı parçalansa da, millət öz arzusuna çatdı. Noyabrın 17-dən başlayan Meydan hərəkatı Azad Azərbaycanın təməlini qoydu.
     Tariximizə Milli Dirçəliş Günü kimi düşən 17 noyabrın mənəvi əsasları isə əslində ötən əsrin 60 illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamışdır. Xalqa sağlam ruh və özünü dərk gətirən Heydər Əliyev Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, elmin, mədəniyyətin dirçəlişinə xüsusi önəm verdi. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Ulu Öndərin Respublikada yaratdığı bu mənəvi, psixoloji, iqtisadi baza təxminən 20 il sonra Sovetlər birliyi dağıldıqdan sonra xalqın dayağı oldu. 1988-ci ildə Xalq hərəkatı alovlananda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilmədi. Xalqın maraqlarından daha çox, imperiyanın maraqlarını düşünən bu siyasətbazların siyasi savadsızlığı üzündən xalqımıza qarşı 1990-cı ilim 20 Yanvar faciəsi baş verdi. Bir-birini əvəzləyən o zamankı  hakimiyyət xalqın dirçəliş və oyanışını  mütərəqqi səmtə yönəltmək iqtidarında deyildi. O ağır məqamlar da yenə də Ulu Öndər Heydər Əliyev xalqın istiqlal ruhunu sönməyə  qoymadı. 1990-cı il  noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetində yeni tərkibdə keçirilən ilk sessiyada  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Dövlət bayrağı kimi qəbul edildi və bununla  əlaqədar Azərbaycan Ali soveti qarşısında vəsatət qaldırdı. Beləliklə milli dirçəlişdən milli tərəqqiyə uzanan yolun başlanğıcı qoyuldu.
      1991-ci ilin mart ayında  Azərbaycan SSRİ Ali Sovetinin iclasında çıxış edən Ulu Öndər Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan edərək belə deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır.  Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır”. Ümumilli lider Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq haqqına malik olan bu yolda bütün çətinliklərə sinə gərən xalqı daha müstəmləkə əsarətində  saxlamaq qeyri-mümkündür. 
Sevindirici haldır ki, bu gün xalqımız Milli Dirçəliş Gününü 30 ildir doğma torpaqlarımızın 20 faizini işğal altında saxlayan, 28 il ərzində ATƏT-in Minsk qrupunun, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistan Silahlı Qüvvələrinə qarşı 44 günlük Vətən müharibəsində  Azərbaycan Silahlı Qüvvələrinin, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun yağı düşmən üzərində Möhtəşəm Zəfəri ilə  qeyd edir. Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident cənab İlham Əliyev bir il öncə Dirçəliş günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifəsinə imza atdı, mümkünsüz olanı mümkün etdi. Azərbaycanın ən böyük probleminə son qoydu, ən böyük milli məsələsini həll etdi. Yaratdığı rəşadətli Azərbaycan Ordusu onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad edərək dövlətimizin ərazi bütövlüyünü təmin edərək xalqımızın milli qürurunu özünə qaytardı. Bu gün müdrik lideri, və yenilməz sərkərdəsi cənab İlham Əliyevin ətrafında  bir yumruq kimi birləşən xalqımızın birliyi və həmrəyliyi bir daha dünyaya göstərdi ki, xalqımızın  iradəsini heç bir qüvvə  sındıra bilməz. Bu gücün bəxş etdiyi daha böyük zəfərlər isə hələ qarşıdadır. Zəfərin mübarək Azərbaycan! Zəfərin mübarək Azərbaycan xalqı!

Keçidlər