Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə-Azərbaycan arasında hərbi əməkdaşlığın inkişafı regionda sülhün və təhlükəsizliyin qorunması üçün atılan ən mühüm addımdır.

07 sentyabr 2020 | 16:00

Tarixi köklərini Azərbaycan Xalq Cümhuriyyəti dövründən götürən qardaş Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı hal-hazırda özünün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Günü-gündən inkişaf edərək dünyanın ən mühüm siyasi güclərindən birinə çevrilən qardaş Türkiyə Cümhuriyyəti hər sahədə olduğu kimi hərb sahəsində də ölkəmizin ən böyük dəstəkçisidir. Mütəmadi olaraq Azərbaycan və Türkiyə hökumətləri arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişlər bu sahədə olan inkişaf dinamikasını daha artırmaqdadır. Hələ 2018-ci ilin iyun ayında Azərbaycan Silahlı Qüvvələrinin və sentyabr ayında Bakı şəhərinin erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr edilmiş hərbi parad¬larda Türkiyə Respublikasının Prezidenti R.T.Ərdoğanın iştirak etməsi, iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Bakı səmasında uçuş nümayiş etdirməsi, türk və Azərbaycan əsgərlərinin birgə yürüşü bir daha iki ölkə arasında mövcud olan hərbi əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirdi. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq 2020-ci il iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirililmişdir.
Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib.
Qeyd etmək yerinə düşər ki, Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasında mühüm rol oynamışdır. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Eyni zamanda, Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında da mühüm rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlərinin keçirilməsi regionda təhlükəsizlik və sabitlik baxımından da təqdirəlayiq bir addımdır.
Ölkə Prezidenti cənab İlham Əliyev 2020-ci il avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var. Prezident bildirib: “Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür”;
Ölkə başçıısı vurğuladı ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş cari ilin iyulun 2-də qüvvəyə minmişdir.
Bundan əlavə, Ali Baş Komandan cənab İlham Əliyev qeyd etdi ki, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini 3 vacib məsələ müəyyənləşdirir:
Birincisi,NATO ilə əməkdaşlıq sənədləri. Bu çərçivədə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir;
İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr;
Üçüncüsü, Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır. 2009-cu ildən etibarən Türkiyənin milli təhlükəsizlik sənədlərində dəyişiklik prosesi başlamışdır - deyə Ölkə başçısı bildirdi.
Eyni zamanda cənab prezident vurğuladı ki, iki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur. Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Həmçinin, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır.İki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əməkdaşlığın inkişafı prioritet sahələrdən biridir. Bu istiqamətdə ciddi planların olduğu bildirən Dövlət başçısı, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı Azərbaycan narahatlığını ifadə edərək qeyd etdi ki, Ermənistan ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir və eyni zmanada aqressivlik nümayiş etdirir. Dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdmüşdür.Rusiyanın Ermənistana silah satışı ilə bağlı məsələyə toxunan Ölkə başçısı bildirdi ki, Ermənistan Azərbaycana düşmən mövqedədir və bu onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur və Ermənistanın təxribatından dərhal sonra Azərbaycan Rusiyadan Ermənistana intensiv silah təchizatına reaksiya göstərdi. Aktiv toqquşmalar iyulun 16-da dayandırıldı və iyulun 17-dən başlayaraq 2 sentyabra qədərRusiyadan Ermənistana Xəzəryanı dövlətlərin hava məkanı vasitəsilə çoxsaylı yük reysləri həyata keçirildi. Ermənistanla hərbi əməkdaşlıöın narahatlıq doğurduğunu qeyd edən Prezident İlham Əliyevbunun Azərbaycan üçün mühüm təhdid törətdiyini və bu silahlardan istifadə edilərəkAzərbaycan hərbçilərini və mülki şəxsləri öldürülməsinin böyük təəssüf doğurduğunu vurğuladı.
Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycannın tərəddütsüz Türkiyəni dəstəklədiyini bildirən Ölkə başçısı qeyd etdi Ki,Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik və Biz dəstəyi türk qardaşlarımızdan da görürük.
Prezident cənab İlham Əliyev Azərbaycan və Türkiyə əlaqələrindən bəhs edərək bildirdi ki, beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Beynəlxalq tədbirlər zamanı dəfələrlə bu qarşılıqlı dəstəyin şahidi olmuşuq.
Qeyd etmək lazımdır ki, Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” - sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu cür sözlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir. Cənab Prezident Yunanıstanın səfirini qəbul etdiyi zaman istifadə etdiyi ritorika yalnız güclü dövlət başçılarına xasdır.  Cənab Prezidentin: “Mən istəyirəm ki, Siz bizim mövqeyimizi biləsiniz” kimi sözləri Azərbaycan açıq diplomatiyasına işarə edir. Bizim dövlət başçımız o nadir ölkə rəhbərlərdəndir ki, ikili standartlar siyasətini açıq tənqid edir. Heç şübhəsiz, dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər ümumən Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir.
Biz laçınlılar bir daha əminik ki, ölkə başçısı cənab İlham Əliyevin hər sahədə olduğu kimi hərb sahəsində də yürütdüyü uğurlu dövlət siyasəti xalqımızın və ərazi bütövlüyümüzün təhlükəsizliyinin ən etibarlı təminatçısıdır.

Keçidlər