Şriftin ölçüsü :

Saytın rəngi :

Coğrafi mövqeyi

        Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşir.
       Ümumi sahəsi 1835 km2 olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrdən 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarına malik olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, bu çay da Araz çayına qovuşur.
        Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim tipi üstündür.
       Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan rayonun ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılar, eləcədə palıd, cökə, ağcaqayın, şam, göyrüş, qaraağac, akasiya, nadir və qiymətli ağac növü hesab olunan qırmızı palıd (qızıl palıd) və müxtəlif növ yabanı meyvə ağacları olan meşə örtüyünə malikdir. Həmçinin rayonun ərazisində cüyür, qaya keçisi, çöl donuzu, qonur ayı, bəbir, canavar, tülkü, dələ, dovşan, porsuq və s. heyvanlar, habelə qırqovul, kəklik, qartal, bülbül, turac, şanapipik, alabaxta, göyərçin, bildirçin və s. kimi quşlar yaşayır.
       Rayondakı zəngin fauna və floranın mühafizəsi üçün 1961-ci ildə ərazidə Dövlət Təbiət Yasaqlığı və 1987-ci ildə Qaragöl Respublikalararası Dövlət Təbiət Qoruğu təşkil olunmuşdur.
 

Keçidlər